Korrupsioner montyorlar
Ölkədə “partiya-təsərrüfat fəallarının” yığıncaqları geniş vüsət alıb. Səhiyyə naziri Oqtay Şirəliyevə indi bəlli olub ki, “xəstəxanalarda, xüsusilə doğum evlərində xəstələrdən və onların qohumlarından qeyri-rəsmi ödənişlər tələb edilir”. Bunu eşidən nazirin rəngi avazıyıb. Xeyli narahat olmağa başlamışam. Bu iclasdan sonra kimlərsə başqa faktlar da ortaya qoya bilər və bunun da nəticəsində hər şeydən “xəbərsiz” səhiyyə nazirimizin səhhətində problemlər yarana bilər. Allah özü bizim xalqa kömək olsun. Kişini heç nədən itirə bilərik. Məncə, təcili yardım maşınlarından birini nazirin sərəncamına vermək gərəkdir, qoy gecə-gündüz iş yerində, evin qabağında keşik çəksinlər, iraq-iraq qəflətən nəsə olsa, təxirəsalınmaz təcili tədbirlər görülsün. Pulsuz, parasız…
Başqa bir yığıncaq Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilib. Burda da korrupsioner meşəbəyilərin, rüşvətxor fəhlələrin tapılıb üzə çıxarılmasından və vəzifələrindən azad edilməsindən danışılıb, təbii ki, Prezident Administrasiyasından gələn göstərişdən sonra…
Belə yığıncaq yaxın günlərdə Təhsil Nazirliyində də keçiriləcək. Orda nazir Misir Mərdanov məktəblərdə fondpulu, süpürgə, pərdə pulu yığılmasından xəbərsiz olduğundan danışacaq, bir neçə məktəbdə korrupsioner qapıçıların aşkarlanıb işdən azad edilmələrini bildirəcək…
Siz ey lənətlə damğalanmışlar, elədiklərinizin, dediklərinizin fərqindəmisiniz? Illərlə yığılan xalq qəzəbini bununla zərərsizləşdirməkmi istəyirsiz? Ilham Əliyev Davosa xizək səfərindən qayıdandan sonra bu statistikaylamı onun pişvazına çıxacaqsınız? Məncə, keçərli olmayacaq. Onun özünün hesabatlarının qəbul edilib-edilməməsi problemi var. Daha ciddi işlərlə məşğul olmaq gərəkdir. Misir dalğası Azərbaycana da gəlib çatacaqsa (şübhəniz olmasın, çatacaq!), qabağa verməyə nə montyor, nə gömrük işçisi, nə doxtur, nə meşəbəyi, nə də müəllim qalacaq. Xalqa cavabı siz verəcəksiniz, illərlə onun qanını soranlar…
04 Fevral 2011
Yorumlar
Yorum Gönder