“Abşeron” yatağında qaz tapılmasıyla bağlı Ilham Əliyevin
xalqı təbrik etməsini tanış həkimdən eşitdim. AzTV-ni izləmədiyimə, bu
şad xəbəri qulaqlarımla eşitmədiyimə görə xeyli üzüldüm… Ilham Əliyevin
bu xəbəri verərkən üzünün cizgilərini görmədiyimə təəssüfləndim.
Maraqlıdır ki, həkim tanışım xalqın təbrik olunmasından təəccübləndiyini
bildirdi. Hələ üstəlik, ritorik sual da səsləndirdi: “Qazdan xalqa
nə?”.
Sual məni xeyli düşündürdü. Onun əsaslı olub-olmamasını rəqəmlərlə
dəqiqləşdirmək istədim. Iqtisadçı ekspert Ilham Şaban deyir ki, rəsmi
statistika vəziyyətin normal olduğunu göstərir. Bu rəqəmlərdə ölkənin
83-85 faizi “qazlaşdırılıb”. Doğulduğum Saatlı rayonunun Azadkənd
kəndinə qaz 80-ci illərin sonlarında çəkildi. Amma adamların qaz sevinci
uzun sürmədi, sovet dağılan kimi qaz yoxa çıxdı. Əliyevlər hakimiyyəti
illərində qazın boruları da çıxarılıb satıldı. Yeri gəlmişkən,
sovetlərin vaxtında kəndimizə çuqun borularla su da çəkilmişdi. Ötən il
bu boruları da kimlərsə çıxarıb harasa daşıdı. Çuqun su borularının
bütün ölkə boyu çıxarıldığı barədə başqa bölgələrdən soraqlar alırdıq.
Bəziləri bu boruların silah istehsalçısı Yavər Camalovun nazirliyinə
daşındığını deyir. Qayıdaq qaza…
Rəsmi statistikanın açıqladığı 83-85 faiz rəqəmi gözlə görünən
yalandır. Ilham Şaban bu faizi almağın “sirrini” belə açıqlayır: “Tutaq
ki, hansısa rayona, yaxud kəndə qaz çəkilir. Bir neçə nəfərin evində qaz
yanandan sonra rəsmi statistika ”filan kənd qazlaşdırıldı” kimi məlumat
yayır və bütün kənd düşür həmin faizə. Bununla istədikləri rəqəmi
alırlar. Məsələn, təsəvvür edirsinizmi, turizm zonası kimi məşhurlaşan
Nabrana hələ də qaz çəkilməyib. Gürcüstanın turizm zonası olan və
SOCAR-ın da investisiya qoyduğu Batumi tam qazlaşdırılıb. Məncə, nəticə
çıxarmaq üçün təkcə bu fakt yetərlidir”.
Düzü, Ilham Əliyevin ölkənin qaz təminatı barədə nə dərəcədə
məlumatlı olduğunu bilmirəm. Amma dövlət başçısının borcudur ki, rəsmi
məlumatlarla gerçək vəziyyətin nə dərəcədə uyğun olduğunu
dəqiqləşdirsin. Allaha şükür, regionları gəzməkdə maraqlıdır, Ziya
Məmmədov harda 2-3 km-lik yol çəkir, iş tamamlanmamış qırmızı lenti və
qayçını götürüb Ilham Əliyevlə birgə ora yollanır. Olsun. Amma bu
səfərlərdə bölgənin durumunu yerli sakinlərdən öyrənmək olar.
Televiziyaya çıxıb xalqa yalan satmaq dövlət başçısının nüfuzuna
öldürücü zərbə vurur. Təsəvvür edin: əhalinin tən yarısı yayda odun,
kərmə tədarükünə başlayır. Son illər guya meşələrin qırılmasına qarşı
“mübarizə” gücləndirilib. Bu da odunun qiymətinə ciddi təsir göstərib.
Adamlar indi oduna pul çatdıra bilmədiklərindən kərməyə daha çox
üstünlük verir. Ilham Əliyev kərmənin nə olduğunu kənd təsərrüfatı
naziri Ismət Abbasovdan öyrənə bilər, istəsə…Rəsmi statistikaya görə,
ölkədə 1 milyon 234 min qaz istehlakçısı var. Ilham Şaban bu rəqəmə
təkcə əhalinin yox, bütün idarə və müəssisələrin də daxil olduğunu
deyir. Azərbaycanda ailə sayının 2,5 milyon olduğunu nəzərə alsaq, bu o
deməkdir ki, ölkə əhalisinin yarıdan çoxu qazsızdır. “Regionun lider
dövləti”, “analoqu olmayan inkişaf” kimi dövlət başçısının da dilindən
səslənən bu sözlər, Elnur Astanbəylinin sözləriylə desək, filfilodur.
Azərbaycan Türkiyəyə illik olaraq orta hesabla 6 milyard, Gürcüstana isə
1 milyard kubmetr qaz ixrac edir. 1 milyard kubmetr qaz Iran və
Rusiyaya ötürülür. 2016-cı ilədək isə Azərbaycan qaz ixracını 22-25
milyard kubmetrə qaldırmaq niyyətindədir. Indi siz deyin: dünyaya qaz
ixracıyla öyünən ölkənin qazsız vətəndaşlarını dövlət başçısının qaz
yatağı tapılmasıyla bağlı təbrik etməsi onları təhqir deyil, bə nədir?
Yoxsa, Ilham Əliyev xalqı ailəsi sayır? Nəsə səhv düşüb…
14 Sentyabr 2011
Yorumlar
Yorum Gönder