Öz şişimiz, öz deputatımız
Həftənin son cümə günü parlament gülməcələriylə yadda qalacaq, bəlkə, lap tarixə də düşəcək. Zaman keçdikcə bizim parlamentdən də deputatların səsi gəlir. Istənilən qanun layihəsi 100-dən yuxarı “lehinə”ylə keçsə də, hərdənbir etirazlar da eşidirik. Bu etirazlar bəzən gözlənilməz olur. Açığı, indiyə qədər parlamentdə Sahib Alıyev adlı deputat olduğunu bilmirdim. Onu elə həmişə Lider-də görürəm. Gözünü yumub ağzını açan jurnalistlərdəndi. Hərdən “politoloq” kimi də ekrana çıxarırlar. Ancaq hansı məsələdən danışsa, hansı qlobal problemlər ətrafında baş sındırsa… Afrika cəngəlliklərində iki qəbilənin davasının da suçunu axırda Azərbaycan müxalifətində görür. Insafən fikrini əsaslandırır da. Ölkəmizin cəngəllik qanunlarıyla idarə olunmasının fərqindədir.
Hə, bu adam parlamentdə günümüz üçün çox aktual olan məsələyə toxunub: “Niyə bizim milli şişimiz yoxdur” sualıyla Oqtay Əsədov başda olmaqla bütün zalı mat qoyub. Yox, yaxşısı budur bu barədə bir qədər sonra…
Keçək Oqtay Əsədovun üzərinə götürdüyü günaha. O, Ilyas müəllimə işarə vurur ki, deputatlar seçki yoluyla, xalqın istəyilə deyil, onların iradəsi (siyahısı) ilə mandat alıblar. Qabaqcadan deyim ki, Oqtay müəllim bir qədər təvazökarlıq edir. Parlamentdə belə halların yaşanmasının tək suçlusu o deyil. Burda birinci pay sahibi deputat siyahısını müəyyənləşdirdiyi deyilən Ramiz Mehdiyevdir(Elşad Abdullayev, Gülər Əhmədova, Sevinc Babayeva, çemodan və atvyorka əhvalatını yada salın). Ikinci yerdə o siyahını göstərdikləri və sonda razılığını aldıqları Ilham Əliyev gəlir. Ölkənin ikinci adamı Artur Rəsizadə olsa da, onu bu işdə suçlu saymağın ədalətsizlik olduğunu düşünürəm. Sonra bütün seçki cinayətlərinin başında duran adam – Məzahir Pənahov gəlir. Bilmirəm, bir xeyli namizədini parlamentə dürtmüş Kəmaləddin Heydərovu bu siyahıya salmaq olar, yoxsa yox. Hələ başqaları da var…
Görürsünüz, Oqtay müəllim, çox təvazökarlıq edirsiniz. Yuxarıda sadaladıqlarımla yanaşı onu da deyim ki, yaş fərqimiz çox olmasa da, tərbiyəm sənlə danışmağa imkan vermir… Bir vaxt telekanallardan şikayət edir, əxlaqa zidd verilişlərin yayımlanmasının qarşısının alınmasını istəyirdiniz. Parlament də elə efir kimi bir yerdir, ordan gərək adamlar nəsə götürsün, yaxşı mənada. Yoxsa axırı yaxşı olmaz, bir də gördüz hamı dağılışdı, lap təyinatlı vəkillər olsalar belə, adamdır, damarı tutar, çıxar gedər, axı böyük-kiçik bilinməyən yerdə necə oturasan?! Bununla bağlı daşdan keçən atalar məsəlimiz də var…
Qayıdaq parlamentin cümə iclasında qaldırılan şiş məsələsinə. Mən də həmin təyinatlı deputatla şərikəm, milli şiş istehsal olunmalıdır. Həm də yubanmadan. Elə Kəmaləddinin, Ziyanın, Oqtayın və b. şirkətlərindən birinə bunu sifariş etmək olar. Şişlik problem deyil. Parlament müzakirələri də bunu göstərir…
16 Mart 2014
Yorumlar
Yorum Gönder