Avropa Olimpiya Oyunları və… balaca Murad


Analoqsuzluğa inanmağa başlamışam. Hər sahə üzrə işlənən bu sözü qabaqlar ikrahla qarşılayırdım. “Analoqu olmayan ticarət mərkəzi”, “Analoqu olmayan yol ötürücüsü”, “Analoqu olmayan körpü”, “Analoqu olmayan gül bayramı”, “Analoqu olmayan atəşfəşanlıq”, “Analoqu olmayan konsert” və s. kimi sözlər sizin də qulağını yağır edib yəqin.
Ölkə idarəçiliyi analoqsuz adamların əlində olandə gərəkdir sən də hər şeyə o gözlə baxasan. Iyun başlanandan Bakının və respublikanın rayonlarında konsertlərə start verilib. Hansısa günlə bağlı olduğu deyilir. Həmin konsertlərin sonunda hökmən atəşfəşanlıq da olur. O atəşfəşanlığın büdcəyə neçəyə başa gəldiyini aydınlaşdırmaq olmur. Çünki büdcə oğruları həmin məlumatları bizdən gizlədirlər. Təkcə ona görə yox ki, yazırıq, ictimaiyyətə çatdırırıq, həm də ona görə gizlədirlər ki, gerçək qiymətlə sənədləşdirdikləri arasında yerlə göy qədər fərq var. Bəzən özləri də elədiklərindən havalanırlar…
Srağagün yenə Bakını top atəşinə tutmuşdular. Paytaxtın hər yeri titrəyirdi. Atəşfəşanlıq dəmiydi. Çoxları çaşıb qalmışdı. Bunu yüz yerə yozurdular. 15 iyundan qabaq hər hansı əlamətdar günün olub-olmadığını mübahisəyə çevirmişdilər. Axır bəlli oldu, sən demə, bu atəşfəşanlıq bir il sonra (Elnur Astanbəyli demişkən, Allah qoymasa) keçiriləcək Avropa Olimpiya Oyunlarına görəymiş. Xalqımız həmin günə qalan bir ili bayram edirmiş. Həm də elə-belə yox, konsertlə, atəşfəşanlıqla. O atəşfəşanlığa, o toplara nə qədər xərc çəkildiyini, neçə milyonun havaya atıldığını bilməyəcəyik, bizə verdikləri bilgi odur ki, Avropa Olimpiya oyunlarına 365 gün qalıb…
Olimpiya oyunlarının günlərini sayan Azərbaycan hakimiyyəti görəsən bu xalqa bağlı günləri niyə saymır?
Bu günlər mətbuatda Murad adlı uşaqla bağlı kampaniya aparılır. 9 yaşlı Murad Babazadənin sayılı günləri qalıb. “Bizim yol” qəzeti də onunla bağlı kampaniya aparır. Bu uşağın həyatda qalması üçün 15 min manat tələb olunur. Ola bilsin bu 15 min manat topa qoyulub atılan bir, yaxud iki, lap elə on fişəngin qiymətidir. O qədər pulu havaya sovurmağa dəyərmi? Bir insan həyatı bu qədərmi ucuzdur? Bəlkə də kimsə bu suallara dodaq büzür, hər şeyin bəlli olduğunu düşünür, ancaq söhbət bir adamın həyatından gedəndə hissə qapılmamaq olmur. “Bizim yol” qəzetində Muradın valideynlərinin dediklərini oxuyanda adam hər şeydən əlini üzür. Heç nəyə həvəs və maraq qalmır. Analoqsuz olduğumuz bir daha təsdiqlənir. Hakimiyyətin yuxarıdan-aşağıya, vəzifə sahiblərinin dilindən tez-tez eşitdiyimiz “analoqu olmayan” sözünə doğrudan inanmağa başlayırsan. Biz kredit götürüb anasını, atasını, uşağını əməliyyat etdirən, kredit götürüb doğum evinə verən, kredit götürüb oğul-qız evləndirən valideynlərin vətənində yaşayırıq. Biz Bulvarda yelləncək üstündə yaxa cıran, atəşfəşanlıq vaxtı kameraya düşmək üçün bir-birinin belinə çıxanların vətənində yaşayırıq…
***
Muradın sayılı günləri qalıb, onun nə qədər olduğunu bilməsəm də, Avropa Olimpiya Oyunlarına 364 gün qaldığını dəqiq bilirəm. Muradların görünmədiyi Azərbaycan telekanalları bunu hər gün bizə xatırlatdıqlarına görə bilirəm. Aşağıdakı sitatlar da “Bizim yol” qəzetindən götürülüb. Hakimiyyətdəkilər belə şeyləri oxumurlar. Siz oxuyun, hörmətli oxucular, hansı idarəetmə altında olduğumuzu bir daha yadınıza salın…
“…Xəstəxanada 11 gün qalandan sonra zəng vurdular ki, artıq sığortadakı pulunuz bitib. ”Xəstəxanadan çıxın”. Günə 500 manatdan sığorta pulumuz qurtarmışdı.
“Mərkəzi Klinikanın cərrahları əməliyyat üçün 20 min manat, reanimasiyada qalması üçün 10 min manat istəyir. ”Bakı Medikal Plaza”dakı cərrahlardan biri bu əməliyyatı Türkiyədən gələcək ürək cərrahına 10 min manata etdirə biləcəyimizi deyir. Reanimasiya üçün də 5 min manat lazım olacaq. Muradın həyatı 15 min manatdan asılı vəziyyətdədir. Səhiyyə Nazirliyi isə deyir ki, biz köməklik edib dövlət xəstəxanalarında əməliyyatı təşkil edə bilərik. Ancaq dövlət xəstəxanalarından heç biri uşağı öhdəliyinə götürmür”.



Yorumlar

Popüler Yayınlar