Bastiliyanın alınması və… taxıl bayramı
YAP iqtidarı
Fransanı həmişə ermənipərəstlikdə qınayıb, mətbuatında onların ünvanına
ağzına gələni yazıb, yadınızda olarsa, hakim partiyanın deputatlarından
biri lap uzağa gedərək bu ölkənin keçmiş prezidentini təhqir etmişdi:
“Jak Şirak qudurub”. Elə beləcə də demişdi. Bu qudurğanlığı nədə
gördüyünü xatırlamıram, ancaq deputatın bu cür danışması heç yaxşı iş
deyildi, mandatı pulla alsa belə…
İndi bunlara nə
düşüb ki, düşmən ölkənin (düşmənimin dostu mənim düşmənimdir – yeni
atalar məsəli) milli bayramını belə təntənəylə qutlayırlar. Kanallardan
biri Ağstafadan canlı yayımla konsert verirdi. Orda səhnənin lap başında
“Taxıl bayramınız mübarək!” yazılmışdı. Üstəlik, konsert verilən parkın
ətrafında, səhnənin lap yanında… traktorlar, kombaynlar düzülmüşdü.
Əvvəlcə elə bildim konserti bu cansız texnika üçün verirlər (son çağlar
adətdir axı, itə-pişiyə konsert verirlər), ancaq sağ olsun operatoru,
kameranı fırlatdı və gördüm ki, Hizami Cəfərov da (deputat-professoru
deyirəm) ordadır. O tək deyildi, qabaq sırada olduğundan gözümə birinci
sataşmışdı, sonra gördüm ki, rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri
də bura yığışıb. Yenə fikrim qarışdı; Bastiliya, Fransa hara, taxıl
bayramı hara… Hələ statistik məlumatlarda da hər il taxıl istehsalı
sahəsində gerilədiyimizin şahidi oluruq. Bu boyda ərazisi, münbit
torpağı olan ölkə taxıl tələbatını idxal hesabına ödəyir. Sənədlərdə min
hektarlarla torpaq əkilsə də, milyonlarla manat silinsə də… əhalinin
çörəyi üçün taxıl Qazaxıstandan, Ukraynadan alınır. Həsə dolaşıqlıq
vardı, gərək ağstafalılardan soruşam.
Səhnədə də Mətanət
İsgəndərli. Gülər Əhmədova, Elşad Abdullayev, Ramiz Mehdiyev, mandat,
atvyorka və s. olaylardan yadınızda olar. Güman edirəm ki,
unutmamısınız. Unudulası da deyil axı. O da yadınızda olar ki, bu
müğənnini ABU-nun keçmiş rektoru, indi Fransada (yenə Fransa) mühacir
həyatı yaşayan Elşad Abdullayev qardaşı, uzun illərdir itkin düşmüş
Mahir Abdullayevə xəyanətdə ittiham etmişdi. Mətanətsə Ağstafada gur
səslə (fonoqram öz yerində) oxuyurdu: “Xəyanətə yox deyək…”
Sonrasının necə
olduğunu bilmədim, başım qarışdı. Bir saatdan sonra yenidən həmin
kanalda konsertin davam etdiyini gördüm. Bu dəfə Ağadadaş Ağayev
oxuyurdu:
…Ulu öndər balasıdır
Yenilməzlik qalasıdır
Qarabağı alasıdır…
Bu mahnı məni
xeyli sevindirdi. Bilməyənlər üçün deyim ki, mahnıda söhbət dövlət
başçısı İlham Əliyevdən gedirdi. İstədim qarabağlı dostlara zəng edəm,
şad xəbəri çatdıram, ancaq sonra bu fikirdən daşındım. Axı mahnıda
alacaq demir, “alasıdır” deyir. Boş yerə sevindirmək adamlarda pis ovqat
yaradır, əllərini yerdən-göydən üzür… Bunun bir anlamı indi aparılan
siyasətə tam uyğundur. Həmişə deyirlər ki, lazım gəlsə… Aha, deməli,
şərt var. Hə vaxt lazım gəlsə, istək olsa, könlü istəsə Qarabağı
alasıdır. Başqa anlamı da odur ki, neçəyə olsa alasıdır. Puluna minnət,
Salman bəy demişkən. Bu artıq bazar söhbətidir. Çoxdandır xariclə bu
dildə danışırlar, bazarlığa gedirlər; istər insan haqları, istərsə də
demokratiya sahəsində. Avropa Məhkəməsinə də əlləri çatır artıq. Hər
yerdə “kürü diplomatiyası” aparırlar. Görünür, qarabağlıları da
sevindirəcəklər, ancaq lazım gəlsə, Qarabağı alası olsa… Bastiliyanın
alındığı kimi…
15 İyul 2014
Yorumlar
Yorum Gönder