Hakimiyyətin “Asma körpü”sü
Əslində, başadüşüləndir, danışmağa başqa uğur olmayanda məcbursan nəyisə nümunə göstərəsən, daha deməyəcəksən ki, ailə biznesimizi belə inkişaf etdirdik, büdcəni daha yaxşı talamağın yollarını öyrəndik, oliqarx-məmurlara xalqı soymağı belə tapşırdıq, ofşorlara milyardları belə ötürdük və s.
Ancaq qardaş çağdaş dövrün adamıdır, intihar yolu seçməzdən qabaq “Bizim yol” qəzetini xəbərdar edib (güman ki, “Azadlıq”a da zəng vurub, ancaq alınmayıb, bizdə heç günortadan sonra telefonu götürən olmur, o ki qala səhər-səhər). Həm də bu dünyada iki inandığından birinin “Bizim yol” olduğunu deyib. Bu ölkədə birinci inandığı adamın kim olduğu qoy sirr qalsın…
Yeri gəlmişkən, bir müddət qabaq başqa birisi də bu körpüdən özünü atmışdı, həm də Fövqəladə Hallar Nazirliyinin xilasediciləri hadisə yerində olan vaxt. Onda qardaş xilasedicilərin əlində tutduğu döşəyin üstünə yox, yerə düşüb ölmüşdü. Bilmirəm, xilasedicilər döşəyi düz tutmamışdı, yoxsa kişi səhv tullanmışdı…
Indilikdə məni düşündürən başqa məsələdir; bu “Asma körpü” istifadəyə veriləndən artıq üçüncü belə intihar hadisəsi baş verir. Sanki hökumətimiz maşınların hərəkəti üçün elə də xüsusi ehtiyac olmayan bu körpünü intihar edənlərə tikib. Adına “Asma körpü” deyildiyindən camaatımız elə bilir ki, ya özünü bu körpüdən asmalı, ya da atmalısan. Açığı o körpünün tikilməsinin təşəbbüsünün kimdən gəldiyini bilmirəm. Çünki hökumətimiz belə layihələrlə bağlı açıqlama verməkdə, yaxud o layihələrin müəllifinin kim olduğunu, nə qədər xərc apardığını deməkdə, öz saytlarında belə yerləşdirməkdə maraqlı deyillər. Ancaq asma körpünün bu xalqın mentalitetindən yaxşı xəbərdan olan hakimiyyət nümayəndəsinin proyekti olduğuna qətiyyən şübhəm yoxdur.
Hələ uzun illər qabaq yapçıların ulu öndəri demişdi: “Xalq hakimiyyət üçün deyil, hakimiyyət xalq üçündür”. Yəni indiki situasiyada bu o deməkdir ki, hakimiyyət xalqın nümayəndələrinin özünü öldürməsində də ona yardımçı olmalıdır. Yuxarıda xilasedicilərlə bağlı çəkdiyim misal buna sübutdur, elə asma körpünün tikilməsi də…
Yadımdan çıxmamış sirri açım; xalqımızı intizarda saxlamağı heç xoşlamıram, özünü asma körpüdən atmaq istəyən kişinin birinci inandığı adam Qənirə Paşayevadır, deputatı deyirəm…
Prezidentinə inamı itən millətin sonunu heç Vanqa nənə də yaxşı görmü…
P.S. Dünən xəbər yayıldı ki, baş prokuror Zakir Qaralov Fəqan Ismayılovu şəxsən qəbul edib və iş araşdırılması üçün koorupsiya idarəsinə göndərilib. Son illərdə “Azadlıq” bu problemdən dəfələrlə yazıb, adamın dərdinə əlac üçün onu intihar həddinə gərək idi? Işə vaxtında baxmaq olmazdımı?!
22 Avqust 2014
Yorumlar
Yorum Gönder