Hüquq
müdafiəçisi Leyla Yunusla bağlı yenə də ağrılı xəbərlər gəlir. Azadlığı
əlindən alınan xanıma təcridxanada da rahatlıq yoxdur. Rahatlıq sözünü
qəribçiliyə salmayın, bəzi dostlarımız uzun illərin ağrılı-acılı
mübarizəsindən sonra türməyə düşməyi bir növ “istirahət” kimi qəbul
edirlər. Onlar çoxlu kitab oxumağa bu şəkildə vaxt tapmağı Tanrının
qisməti sayırlar.
Ancaq Leyla xanıma bu “rahatlığı” da çox görürlər. Əsəblərini tarıma
çəkirlər, onsuz da ciddi problemlər olan səhhətini bir qədər də
ağırlaşdırmağa çalışırlar. Təzyiqin istənilən, çoxlarının ağlına belə
gəlməyəcək forması bunlar üçün qəbulediləndir. Beynəlxalq təşkilatlar,
ictimaiyyət bir yana, heç Allahdan da çəkinmir, həya etmirlər. Yaşlı
qadına qarşı bu hakimiyyətin etdikləri ilə bağlı bəzən adamlar söz
tapmaqda belə çətinlik çəkirlər. Sosial şəbəkələrdə yazılanlardan bunu
görmək olur. Niyə hakimiyyətdə öz vətəndaşına qarşı bu qədər qəzəb, kin,
nifrət var? Nədən qaynaqlanır bütün bunlar? Niyə bunlar oturduqları
budağı belə israrla kəsməkdədirlər? Bilmirlərmi ki, kəsdikləri budaq
sınacaq, yerə çırpılmaq çox ağrılı olacaq?!.
***
“…müstəqilliyin ilk illərində, Xalq Cəbhəsi hakimiyyətdə olanda
vəziyyət tamamilə başqa idi. O vaxt dözümsüzlük, əslində, dövlət
siyasəti səviyyəsinə qaldırılmışdı. Mənfi münasibətlər, qeyri-yerli
əhalinin sıxışdırılması cəhdləri – bütün bunlar gözümüzün qarşısında
olub. Həmin illər ölkəmiz, xalqımız üçün milli rüsvayçılıq illəri idi.
Azərbaycan xalqı müdriklik göstərdi və bu hakimiyyətə cəmi bir ildən bir
qədər çox dözdü, sonra bu hakimiyyət tarixin xarabalığına atıldı”. Bu
sitat Azərbaycanın prezidenti Ilham Əliyevin “Rossiya24″ telekanalına
müsahibəsindəndir. Kanal əməkdaşının tolerantlıqla bağlı sualına cavab
verərkən Ilham Əliyev bunları deyib. Nifrəti duydunuzmu? Xalq Cəbhəsinin
hakimiyyətdən devrilməsindən 21 il keçib. Ancaq ölkə başçısı elə bil
dünənki hadisə barədə danışır. Yanğıyla. Baxmayaraq ki, həmin illərdə
heç Azərbaycanda olmayıb. Xalq Cəbhəsinin 1 illik hakimiyyət dönəmində
nə etdikləri ilə işimiz yoxdur, vicdanlı vətəndaşlar onu xatırlayır və
yeri gələndə başqalarına da xatırladır. Bəs görək 21 illik hakimiyyət
hansı işləri görüb. Bəlkə, Qarabağ məsələsində uğura imza atıb? Bəlkə,
təhsildə uğurlar qazanıb? Bəlkə, işsizlik problemini həll edib? Yeri
gəlmişkən, həmin müsahibədə işsizliyin faizi ilə bağlı suala cavabında
ölkə başçısı bunun 5 faiz olduğunu deyib. Bir faktı xatırladaq. Təkcə
QHT sektoruna olan builki hücumlar neçə min adamı işsiz qoyub.
Müəllimə, həkimə 120-130 manat, ancaq futbol yığmasına gətirdiyi məşqçiyə 1 milyon 200 min manat maaş verir.
Təhsilsizlik adamların kütləvi şəkildə çeşidli təriqətlərə üz
tutmasıyla sonuclanıb. IŞID-ə qoşulan yüzlərlə azərbaycanlı oğul və
qızlarımızı xatırlatmaq yetərlidir, məncə. Ərazisinin 20 faizi düşmən
tapdağında olan ölkənin vətəndaşları başqa dövlətin ərazisində
“haqq-ədalət” adı altında baş kəsir, qan tökür.
21 il az deyil. Bu illər ərzində çox şey qazanmaq, ölkəni həqiqi
inkişafa aparmaq olardı. Ancaq əvəzində geriləməni görürük, Azərbaycanın
ötən əsrin 70-ci illərinə – rüşvətxorluq və “pripiska” illərinə –
qaytarıldığının şahidi oluruq. Milyonlar, milyardlar xərcləyib binaların
divarlarını qaşımaq, mənasız körpülər, yol keçidləri tikmək inkişaf
deyil, korrupsiyadır. Yeri gəlmişkən, bir neçə gün qabaq istifadəyə
verilən “Dərnəgül yolu” yenidən bağlanıb, təmir adıyla.
Şahidi olduğumuz başqa bir “inkişaf” fərqli düşünənlərin,
hakimiyyətin səhv yolda olduğunu deyənlərin ucdantutma türməyə
salınmasıdır…
Qabaqlar Xalq Cəbhəsi ilə bağlı danışanda Ilham Əliyev onları
“tarixin arxivinə” atdıqlarını deyirdi, indi leksikon dəyişib. “Tarixin
xarabalıqları” ifadəsi gündəmə gəlib. Görünür, hakimiyyətdəkilər də
tarixi hansı günə saldıqlarının fərqindədirlər…
04 Dekabr 2014
Yorumlar
Yorum Gönder