Viktoriya və… alma əhvalatı
Viktoriya xanımın keçirdiyi bu brifinqin səhəri günü Leyla
xanımın – demokratiya və insan haqları uğunda fəal mübarizə aparan Sülh
və Demokratiya Institutunun rəhbərinin həbs müddəti daha 5 ay uzadıldı.
Ilham Əliyevlə “çox yaxşı, məzmunlu və səmimi görüşlərə” qədər
demokratiya və insan haqları uğrunda mübarizə aparan dostlarımızın həbs
müddəti adətən 2-3 ay uzadılardı. “Məzmunlu və səmimi görüşlər”, sən
demə, müddəti artırırmış. Xanımın sürprizləri bununla da bitmədi,
Ermənistana səfəri qondarma “soyqırım” abidəsinin ziyarətindən başladı.
Ermənilər bu il 1915 “soyqırımının” 100 illiyini bütün dünyada qeyd
etmək, hər kəsə etiraf etdirmək niyyətindədir. Il pis başlamadı. ABŞ-ın
dövlət katibinin köməkçisi səviyyəsində dəstək aldılar. Apreldə də
dövlət səviyyəsində uğur qazanarlar yəqin. Qayıdaq vətənə…
Ah unudulmuş vətən! Ah yazıq vətən! Ötən əsrin başlanğıcında
böyük Mirzə Cəlil deyən durum 100 il sonra yenə boy verir. Sənin
dərdini, ağrılarını kimsəyə duydura bilmirik. Paytaxtımıza gələn hər
qonaq sənin “Potyomkin kəndi”ni xatırladan gözəlliyindən,
qayğısızlığından, zənginliyindən danışır… Heç uzaq deyil, cəmi 23 il
qabaq ermənilər rus qoşunlarının köməyi ilə Xocalı adlı bir şəhəri yer
üzündən sildilər, soyqırım törətdilər, qadını, qızı, qocanı, cavanı,
uşağı süngüdən keçirtdilər. Nulandın qondarma abidəsi önündə sayğı
duruşuna dayandığı, baş əydiyi ermənilər. Xanımın səfəri bu qətliamın
ildönümü ərəfəsinə düşmüşdü, nədən yada salınmadı? Cənub Qafqaza səfər
proqramında hansısa abidənin ziyarəti protokola salınmışdısa, niyə orada
Xocalı abidəsi olmasın? Yoxsa Azərbaycanda ziyarət olunası bir məkan
var?!. Ola bilsin qan qaraltmaq istəməyiblər…
Bəs Kürdəxanı? Demokratiya, insan haqları uğrunda mübarizə
aparanların qandallanıb saxlandığı məkan. Barışmaz, mübariz dostumuz
Leyla xanım bu yaşında hansı əzabı çəkir, sordularmı görən “çox yaxşı,
məzmunlu və səmimi görüş”də? Azadlıqdan məhrum etsələr də, Azadlığını
əlindən ala bilmədikləri Xədicə xanımla bağlı nə danışdılar görəsən?
Məhkəməyə meydan oxuyan Intiqam müəllimi, hökmün “azlığından”
şikayətlənən Seymur Həzini dinləmək keçmədi ki, könüldən?
Haqsız yerə cəza çəkən başqa dostlarımız – Anar Məmmədli, Bəşir
Süleymanlı, Tofiq Yaqublu, Ilqar Məmmədov, Rəşadət Axundov, Ilkin
Rüstəmzadə və başqaları ilə bağlı suallarımıza heç brifinqdə də cavab
tapa bilmədik. Açıqlamadan bəlli oldu ki, ənənəvi olaraq müzakirələrdə
ən sonuncu yerdə demokratiya, insan haqları və başqa fundamental
azadlıqlarla bağlı məsələlər gəldi…
Brifinqlə bağlı xəbər məni ötənlərə apardı. Bizim zonanın ən
böyük ticarət obyekti Sabirabad bazarı idi. Ölkənin hər yerindən adamlar
ora məhsullarını satmağa gəlirdi. Şənbə, əsas da bazar günləri çox
qələbəlik olurdu. Ara günlərdə isə alver zəifləyirdi. Bu səbəbdən başqa
rayonlardan gələnlər həftəarası məhsullarını yük maşınlarında kəndlərə
aparır, az-çox alver edirdilər. Bizim kəndə də gəlirdilər. Kəndin
mərkəzi yoluyla o baş-bu başa maşını sürüb müştəri çağırırdılar.
Günlərin birində belə bir maşın gəlmişdi. Satıcı Gədəbəydən idi. Səsi
bütün kəndi başına götürmüşdü: “Kartof var, kartof, kartof, Gədəbəy
kartofu, kartof, kartof, kartof, kartof… – və nəfəsi kəsilən vaxt
sakitcə deyirdi, – alma da var”. Səbəb sadəydi, artıq bilirdik; Sabirbad
bazarında gədəbəylinin kəndlərə gedəcəyini eşidən piştaxta yoldaşı
qubalı bir-iki “yeşik” alma verir ki, getmişkən onun da malını satsın.
Gədəbəyli qardaş da qonşuluqdan keçməyib malı götürsə də, onunçün kartof
birinci sırada, alma isə laaaap sonda gəlirdi…
Viktoriya xanımın brifinqi yadıma bu əhvalatı saldı…
20 Fevral 2015
Yorumlar
Yorum Gönder