Oyunbaz hakimiyyət
Yazın bu çağı kənd adamları üçün çox ağır keçir, çətin qışdan
çıxıblar, olan-qalanı Novruz bazarlığına xərcləyiblər, əkin işini təzə
başa vurublar, hələ məhsula çox var. Heç qapıda yeyilməli cücə də
yoxdur, beçənin yeyilməsinə ən azı bir ay var. Hərtərəfli kasıbçılıqdı.
Ölkədə “kənd təsərrüfatı ili” elan olunsa da, kəndçi bunu görmür, nə
yanacaq var, nə də onun pulu. Üstəlik, bütün rayonlarda polisdən tutmuş
icra nümayəndəsinə, bələdiyyəsinə qədər hamını Avropa Oyunlarına pul
toplamağa səfərbər ediblər. Kənd-kənd, oba-oba gəzirlər, pul ala
bildiklərindən pul, quzu ala bildiklərindən quzu, toyuq, qaz, hinduşka…
bu səviyyədə dilənçilik tam gücüylə işləyir. Rayonlardan birində bu
günlərdə obada qoyun saxlayan bir nəfəri damlayıblar, sən demə, evindən
“avtomat çıxıbmış”. Adam and-aman edir ki, ömründə bu avtomatın üzünü
görməyib. Sonradan bəlli olur ki, bir neçə gün qabaq bunun obasına gəlib
Avropa Oyunları üçün adına layiq sayda quzu istəyiblər, bu da
“qonaqpərvər” olmayıb, quzu verməkdən imtina edib. Sonra başına bu
avtomat tapılmaqlığı olayı gəlib.
Demək olar, bütün rayonlardan buna bənzər soraqlar gəlir, hamıdan
pul tələb edirlər. Yaxşı, bu idman yarışları keçiriləcək arenalar kimin
puluna tikilib? Dövlətin. O dövlətin büdcəsi kimin hesabına formalaşır?
Əhalinin. Bəs onda bu yazıq əhali neyləsin, axı o, təkcə Avropa
Oyunları yox e, hakimiyyətin oynadığı bütün oyunların xərcini illərdir
çəkir. Avropalı qonaqların qalacağı hotellər də, çörək yeyəcəkləri
restoranlar da əhalinin, ya da əhalidən oğurlanan pulların hesabına
tikilib. Bu yazıq əhali illərdir müxtəlif adlı “oyunlara” xərc çəkir.
Indi o oyunlardan birinin adını “Avropa” qoymaqla nə dəyişir ki?..
Son günlər həkimlərdən və müəllimlərdən çoxlu şikayətlər gəlir,
pul verməyə məcbur edildiklərini deyirlər. Avropa Oyunlarına görə
onlardan alınan az məbləğ də deyil, insafən. Ancaq illərdir biz bu həkim
və müəllimlərə “hakimiyyətin saxtakarlığına şərik olmayın” deyirik.
Seçki qutularına namus məsələsi kimi baxılmalı olduğunu bildiririk.
Sabahın hakimiyyətinin necəliyinin onların iradəsindən asılı olduğunu
deyirik. Övladlarının taleyinin normal, qanunların Şah olduğu ölkədə
yaşamalarından asılı olduğunu tez-tez təkrarlayırıq. Rüşvətin ölkəni,
onun gəncliyini və gələcəyini uçuruma apardığını deyirik. Aldığımız
cavablar çoxunuza tanışdır. Üstəlik, hələ bizi borclu çıxaranlar da
tapılır. Üstümüzə gələnlər, bizi məhkəməylə hədələyənlər də az deyil.
Ancaq elə onlar haqsızlıqla, qanunsuzluqla üzləşdikdə, üz tutduqları da
biz oluruq.
Oyunlara bir ay qalır, hakimiyyətin oyunlarısa bitmək bilmir.
Yeni polis maşınları, təcili yardım, taksi, avtobus, metro qatarları…
hər şeyi təzə alırlar. Pis nə varsa gizlətməyə çalışırlar; hasarlar
çəkirlər, hasarların o üzündə qalanların bu hakimiyyətin seçiciləri
olduğu heç kimin vecinə deyil, başlıcası gələn qonaqların zövqünü
oxşamaqdı, onlardan “Bakı gözəl şəhərdir” sözünü eşitməkdi. O
gözəlliklərin nəyin bahasına başa gəldiyi kimsəni ilgiləndirməz, heç
sakinlərin özünü də…
Dünən axşam bulvarda yenə atəşfəşanlıqdı, yenə milyonlar göyə
sovrulurdu, top lüləsinə qoyulub Xəzərə tərəf atılırdı, həmin
milyonların sahiblərisə böyük coşquyla, hay-küylə buna şahidlik edirdi.
Oyununuz olsun!!!
11 May 2015
Yorumlar
Yorum Gönder