Ürəkdən gülməyi var. Ancaq həmişə olmur. Onu tanıyanlar bunun
səbəbini bilir. Dostumuz Telman ona “Yeriyən Şuşa” deyir. Tanışlığımızın
tarixi ötən əsrdən başlayıb. Onda hələ torpaqlarımız işğal olunmamışdı,
Şuşa bizdəydi. Yeri gəlmişkən, Şuşaya da ömrümdə bir dəfə, həm də
Hikmətə görə getmişəm. Atası Sabir müəllimin yasına. Şuşa
qəbiristanlığını da onda görmüşəm. Biz ora gedəndə artıq müharibə
başlamışdı, genişmiqyaslı olmasa da, işğalın əsası qoyulurdu.
Qəbiristanlıq da yadımda köhnə və təzə qəbirləriylə qalıb… Onda gəncdik,
hər ölüm bizi ağrıdırıdı, üstəlik, əziz dostumuzun atasının vaxtsız
ölümü. Hikmətin göz yaşları qəlbimizi göynədirdi; o yüksəklikdə,
dünyanın ayağımız altında olduğu yerdə, Şuşa qəbiristanlığında…
Sonra bir yerdə işlədik “Azadlıq”da. Çoxlu xoş xatirələr qalıb. Bir
yerə yığışanda yada salırıq… Siqareti çeynəyib çəkmək xasiyyəti vardı;
daha çox da yazı oxuyanda. Redaktəsinə söz yoxdu. Çıxardığı cümləyə,
abzasa belə irad tutmaq imkansızdı. Peşəkarlığı qarşısında şapka (papaq)
çıxarılmalıydı. Onda hər şey kağız üzərindəydi. Baxmayaraq ki,
“Azadlıq” ölkədə kompüterlə işləyən ilk qəzetdi. Hikmət ona çox gec
yovuşdu. O vaxt əsas silahı qələmdi. Təzədən yazdığı yazılar olurdu. O
yazıların müəllifinin gənc, ya da yaşlı, fərqi yoxdu, bu halda papağı
əldən gedirdi… Məktəbdi deyərdim, ancaq yararlanmaq istəyən az oldu. Hər
müxbir, yazısına çəkilən zəhməti dəyərləndirmir, nədə səhv etdiyinin,
hansı cümlənin daha düzgün yazılmasının fərqinə varmırdı. Əsəbiləşdiyi,
ağladığı günlərini görmüşəm. Onu tərpədən yazıyla bağlı düşüncələrini
anındaca bizimlə bölüşər, oxumağımızı istəyərdi. Yadımdadır, Zamin Hacı
Bakı Şəhər Icra hakimiyyətinin bir qərarından yazı yazmışdı. Gərək ki,
yazının adı “Azərbaycan Respublikası adından…” idi. Hikmət o yazını göz
yaşları içində oxudu. Həmin qərarla Qarabağ müharibəsi əlillərinə
Bakının küçələrində, metro və yeraltı keçidlərdə ayaqqabı təmizləməyə
icazə verilirdi. Vətən uğrunda döyüşüb əlil olanlara, sağlamlığını
itirənlərə, qürur yerimiz olan şəxslərə bu hüquq tanınırdı. Hikmət kimi
duyğusal, Şuşa kimi vətən, Ramiz Qəmbərov kimi dost itirmiş adam belə
yazı oxuyanda neyləməliydi? O yazı bu yaxınlarda qarşıma çıxdı,
dəyərlərin itdiyi, yalanların baş alıb getdiyi, şərəfsizlərin başa
keçdiyi, torpaqların 20 ildən artıq müddətdə işğalda olduğu, hər şeyin
adiləşdiyi, yaşın da o yaş olmadığı bu günlərdə belə həmin yazını mən də
bir daha göz yaşları içində oxudum…
Bəziləri, zarafatla olsa da, sataşırdı Hikmətə, “ağlaşma” yazırsan
deyirdilər. Hikmət dərddən yazırdı, Şuşa boyda dərdindən yazırdı, xalqın
dərdindən yazırdı. Yazmalı başqa nə vardı ki?!
“Qaqa” onun müraciət formasıdı. “Başına dönüm” dilindən düşmür. “Dost
yolunda boran olar, qar olar” – Hikmət kimi adamlar haqda deyilib,
şübhəniz olmasın; bir an da düşünmədən özünü borana, qara atdığı üçün…
Kimlərçünsə, bəlkə, bu uzunluqda giriş darıxdırıcı oldu, yubiley
yazıları adətən xoş ovqatda, bir az da aşırı tərif dolu yazılır, ancaq
onun – 50 yaşı ilin ilk günündə tamam olan dostumuzun buna ehtiyacı
olmadığını bilirəm, sadəcə tanımayanlara bir az da yaxından tanıtmaq
istədim Hikməti.
Gün o gün olsun… yazmıram, bu saxta arzulardan sənin də bezdiyini
bilirəm. Mən hələ ki Şuşa nisgilimə səninlə görüşəndə su səpirəm. Nə
vaxtadək?!
Əllin mübarək!
Yorumlar
Yorum Gönder