Çətin günlərin Səttarxanı
Son əfv fərmanı kiçik sevinciylə yanaşı, bəlkə də ən çox dartışılan, mübahisə doğuran əfv oldu. Başlıcası odur ki, əfvin yarımçıq olduğunu dilə gətirənlər (təşəkkür üçün növbəyə duran tanınmış alver adamlarının adını çəkib sizi iyrəndirmək istəmirəm) çox oldu. Rejimin hərdən atdığı belə və bundan da betər addımları həmişə “irəliyə doğru…” adlandıran beynəlxalq qurumlar da bu dəfə fərqli mövqedə oldular. Onlar da son əfvin siyasi məhbus problemini çözmədiyini, yarımçıq olduğunu, qalan məhbusların da tezliklə azadlığa buraxılmalarını tələb etdilər. Uzun və üzücü ağır illərdən sonra, deyəsən, beynəlxalq qurumlar, aparıcı dövlətlər də anladılar ki, Azərbaycandakı problemlər xoşluqla, baş sığallamaqla həllini tapası deyil. Tağı müəllim demişkən, “burcutmaq” keçmir daha. Illərdir fironluq edən hakimiyyətə yerini göstərirlər, üstəlik, xalq üçün 1994-dən, hakimiyyət üçünsə ötən ildən zəhərə dönmüş neft də günbəgün dəyərini itirməkdədir. Daha ondan gələn pullar gözləri qapamağa yetərli deyil; əvvəlki kimi…
Son əfv fərmanından sonra qəzetlər və sosial şəbəkələr üçün başlıca mövzu azadlığa çıxan siyasi məhbuslar – dostlarımızdı. Dostlarımızın ömründən cinayətkarcasına oğurlanan illər, onlar qədər olmasa da, bizi də çox ağrıdıb. Imkan çatan qədər müdafiə etmişik, həm də təmənnasız. Heç təşəkkür gözləmək də ağlımızın ucundan keçməyib. Ancaq onlardan bəzilərinin həbsdən çıxandan sonra kimlərəsə, daha doğrusu səhifəsindən siyasi məhbus şəkillərini çıxaran qəzetlərə “informasiya dəstəyinə görə…” təşəkkürünü heç də anlayışla qarşılamaq olmur…
Demək, qismətdə bu da varmış. Olsun. Ancaq hələ də həbsdə siyasi məhbuslar, şərlənib haqsız yerə tutulanlar var, onların azadlığı uğrunda yola davam, əlimizdən başqa nə gəlir ki… Bir də, təvazökarlıqdan uzaq olsa da, biz çətin günlərin Səttarxanıyıq…
29 Mart 2016
Yorumlar
Yorum Gönder