''90 faizlik qazlaşdırılma...'' - həqiqətə uyğundurmu?

Faktlar ölkənin 90 faizinin qazlaşdırılması ilə barədə rəsmi bəyanatların doğru olmadığını göstərir
Təxmini hesablamalara görə, 228 min 691 ailə hələ də qaz almır
Ölkəmiz
Gürcüstanla yenidən qaz müqaviləsi bağlayıb. Bu müqaviləyə görə,
Azərbaycan 2030-cu ilə qədər Gürcüstanın mavi yanacaqla probleminin
olmayacağını rəsmiləşdirib. Üstəlik, satılacaq qaza görə Gürcüstana
böyük güzəşt olunacağını bildirib. Ancaq bu müqavilə Azərbaycanın özünün
qaz problemini yenidən gündəmə gətirib. İllərdir qaza həsrət ölkə
vətəndaşları var və onların bu sazişə münasibəti birmənalı deyil.
Azərbaycan KİV-lərində "...kəndlərə ilk dəfə qaz verilib", yaxud
"...rayonlara qazın verilişində fasilələr olacaq" başlıqlı xəbərlər
tez-tez təkrarlanır, üstəlik, paytaxtın müxtəlif yerlərində verilən
qazın həcminin azaldılması ilə bağlı istər mediadan, istərsə də sosial
şəbəkələrdən soraqlar alırıq. Bu yerdə "əvvəl evin içi, sonra çölü"
məsəli yada düşür. Yeri gəlmişkən, ölkənin indiyə qədər nə üçün
qazlaşdırılmaması probleminə uzun zamandır cavab axtarırıq. Bu yazı ilə
bağlı müxtəlif adamlarla görüşmüşük, regionlara səfər zamanı yerli
sakinlərlə danışmışıq, sinif otaqlarını isitmək üçün özü ilə məktəbə
odun aparan şagirdlər olduğunu, evini qızdırmaq üçün həyətindəki meyvə
ağaclarını kəsənləri belə görmüşük.
Təzadlar
Gerçək vəziyyəti bütün təzadları ilə təsəvvür etmək üçün bu informasiyaya diqqət ayıraq. "Azərbaycan
Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2007-ci
ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2008-ci ildə qarşıda
duran vəzifələrə həsr olunmuş iclasında prezident deyib: "Əhalini qazla
təmin etmək üçün 2008-ci ildə əlavə tədbirlər görülməlidir. Bizim hələ
iki rayonumuz - Ağcabədi və Beyləqan rayonları obyektiv səbəblərə görə
təbii qaz almır. Bu ilin əvvəlində Ağcabədi rayonuna qaz veriləcək və
ilin birinci yarısına qədər Beyləqan rayonuna da təbii qazın verilməsi
bərpa olunacaqdır. Beləliklə, Azərbaycanın bütün rayonları qazla təmin
ediləcəkdir. Hələ deyə bilmərik ki, bütün kəndlər qazla təmin olunubdur.
Bəzi yerlərdə heç qaz xətləri olmayıb, bəzi yerlərdə bu, böyük
çətinliklərlə bağlıdır. Ancaq deyə bilərəm ki, indi Azərbaycan
əhalisinin təxminən 80 faizə yaxını təbii qaz alır və bu, dünya
miqyasında, bizim bölgədə, MDB məkanında kifayət qədər böyük
göstəricidir. Bizdən daha böyük həcmdə qaz hasil və ixrac edən ölkələrdə
bu rəqəm 50-60 faiz səviyyəsindədir. Bizdə 75-80 faizdir" (11 yanvar 2008).İndi isə Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2008-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında dediklərinə baxaq: "Qazlaşdırma prosesi daha da sürətlə getməlidir. Biz, demək olar, ölkədə 80 faiz qazlaşdırmanı təmin edə bilmişik. Amma bunu artırmalı, 90 faizə qaldırmalıyıq. Maksimum dərəcədə qazlaşdırma prosesi getməlidir. Çünki bu, həm sosial məsələdir, həm də iqtisadi məsələdir. Bu yaxınlarda Beyləqan rayonuna təbii qazın verilməsi bərpa olunacaqdır. Uzun illər Beyləqan rayonu qazdan məhrum idi. İndi biz əvvəllər qazlaşdırılmayan bütün rayonlara qaz xətləri çəkirik və demək olar ki, son rayonlardan biri də Beyləqandır. Ondan sonra Füzuli rayonuna və Ağdam rayonuna qaz çəkilişi təmin olunmalıdır".
Aradan 4 il keçəndən sonra - 2014-cü ilin 12 fevralında ölkə başçısı yenə qazlaşmadan danışır və rəqəmlər səsləndirir:
"...2004-cü
ildə ölkənin yalnız 49 şəhəri, rayon mərkəzi və bu mərkəzlərə yaxın
kənd və qəsəbəsi təbii qazla təmin olunurdu. Ölkə üzrə qazlaşma
səviyyəsi cəmi 39,8 faiz təşkil edirdi. Bu gün respublikanın bütün rayon
mərkəzlərində, hətta sovet dövründə qazlaşdırılmayan 663 qəsəbə və
kənddə qazlaşdırma işləri tam başa çatdırılıb. 2013-cü ildə qazlaşma
səviyyəsi 89,8 faizə, o cümlədən Bakı şəhəri üzrə 99 faizə, regionlar
üzrə 83,4 faizə çatdırılıb. Ölkə üzrə real qazla əhali abunəçilərinin
sayı 2004-cü ildə 700 mindən aşağı olduğu halda, bu gün 1 milyon 600
mindən artıqdır..."
Bu
sitatlar yorucu görünə bilər, amma gəlin prezidentin təxminən 2 il
sonrakı - “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı
Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş
konfransdakı (26 yanvar 2016-cı il) çıxışına baxaq:
"2004-cü
ildə rayonlarda demək olar ki, qaz yox idi. Mənim rayonlara səfərlərim
zamanı insanların ən böyük arzuları ondan ibarət idi ki, xahiş edirik
bizi qazla təmin edin. Amma biz özümüz-özümüzü təmin edə bilmirdik. Biz
2007-ci ilə qədər qazı xaricdən alırdıq. Bu gün Azərbaycanda qazlaşdırma
90 faizə yaxınlaşır, bölgələrdə isə bütün şəhərlər 100 faiz
qazlaşdırılıb. Hətta sovet dövründə heç vaxt qaz görməyən yerlərə də biz
qaz xətləri çəkdik. Bu gün bölgələrdə qazlaşdırma 80 faizə yaxındır".
2013-cü
ildə regionların qazlaşdırılmasının 84,3 faiz olduğunu deyən prezident
2016-cı ildə bölgələrdə qazlaşmanın 80 faizə yaxın(?!) olduğunu
bildirir. Bunlar nə deməkdir, qazlaşma, gah artır, gah azalır, yoxsa
rəqəmlərlə oyun gedir bizdə?
100 faiz "qazlaşdırılan" paytaxt Bakıdan bir nümunə.
9-cu mikrorayonda yeni binada ev alan Xaqani Qüzeyli deyir ki, bir neçə
ildir bura köçsələr də, hələ qaz yoxdur. Baxmayaraq ki, evi alanda
tikinti şirkəti qaz, su, işıqla bağlı heç bir problem olmayacağını
deyib. İşıq və su problemi olmasa da, qaz hələ də yoxdur. Şirkət rəhbəri
binaya qaz verilməsi üçün tələb edilən məbləği ödəmək imkanı olmadığını
bildirir. 4 bloklu, 320 mənzilli binanın hər bloku üçün 120 min manat
tələb olunur. Bu da bir ayrı problem.
Qazı olan ev sorağında...
2013-cü
ilin avqustunda M.Ə.Rəsulzadə (Xutor) qəsəbəsindəki evimizi sökdülər,
razılığımız olmadan. Bir neçə ay kirayədə qalası olduq. Həmin aylarda
əsas işimiz özümüzə ev axtarmaq oldu. Şəhərin müxtəlif yerlərində təzə
və köhnə binalarda əlimizdəki pula uyğun mənzil axtarışına çıxdıq. Yeni
binalar cəlbedici idi, ancaq əksəriyyətində sənədləşmə və ən başlıcası,
qaz problemi vardı. Baxdığımız binaların çoxunda çöldə qaz xətti olsa
da, mənzildə qaz yox idi. Təəccüblü idi. Tanış alğı-satqı makleri başa
saldı: “Bu, tikinti şirkətlərinin fırıldağıdır, bina hazır olan kimi
beləcə xətt çəkilir, müştəri cəlb etmək üçün bir üsuldur. Müştəriyə
deyirlər ki, bax, xətt çəkilib, bu gün-sabah qaz veriləcək. Həmin
bugün-sabahsa illərlə davam edir”. Tikinti şirkətləri bu işdə Fövqəladə
Hallar Nazirliyini suçlu sayır, nazirlik binanın istismara yararlı
olduğunu təsdiqləyən rəyi vermir, daha doğrusu bu rəy üçün fantastik
məbləğdə rüşvət tələb olunduğunu iddia edir. Bakının müxtəlif yerlərində
tikilən binalardan tələb olunan məbləğ hər blok üçün 100-150 min manat
arasındadır. O rəy olmadan qazlaşdırma mümkün deyil.
Məsələn,
Ramiz Abdulla Əhmədlidə yeni tikilən binadan ev alıb. O, ailəsi ilə 3
ildən artıq bu binada qazsız yaşayıb. Bununla bağlı bir neçə dəfə
sakinlərin etirazları da olub, ancaq binanı tikən şirkətin sahibi
əlindən heç nə gəlmədiyini, daha doğrusu Fövqəladə Hallar Nazirliyindən
icazə almağın imkanları xaricində olduğunu deyib. Şirkət sahibi hər blok
üçün onlardan 100 min manat tələb olunduğunu bildirib. Nəhayət, ötən il
binaya qaz verilib, bunun üçün mənzil sahiblərinin hər biri 300-500
manat ödəməyə məcbur edilib. Həmin 14 mərtəbəli binada hər mərtəbədə 5
mənzil var.
Yeni
Yasamalda mənzil alan Cahangir Əlibəyzadə də bir neçə ildir istifadəyə
verilən binaya ötən il qaz çəkildiyini deyir. Mənzil sahiblərinin hər
biri sayğac üçün 500-1000 manat arası pul ödəməyə məcbur ediliblər, heç
bir sənədsiz-filansız. Onun sözlərinə görə, həmin binada 400 ailə
yaşayır.
"Azəriqaz"ın saytında isə qazlaşma sürətlə gedir
7
Yanvar 2016. Ötən il 501 çoxmərtəbəli binaya təbii qaz verilmişdir.
"Azəriqaz" İstehsalat Birliyinin 2015-ci ildə təbii qazla təchiz etdiyi
hündürmərtəbəli binaların sayı 501 olmuşdur ki, həmin binalarda da 11327
mənzil vardır.
2014-cü ildə 238 çoxmərtəbəli binaya təbii qaz verilib ki, bu binalarda ümumilikdə 17348 ailə yaşayır.
2013-cü ildə Birlik 149 çoxmərtəbəli binaya təbii qazın verilişini təmin edib. Bu binalar 30374 mənzili əhatə edir.
2012-ci ildə cəmi 60 çoxmərtəbəli yaşayış binasına təbii qaz verilib.
SOCAR-dan cavab
Ölkənin
qazlaşdırılmasının hansı səviyyədə olması ilə bağlı sorğumuza SOCAR-ın
mətbuat xidmətindən cavab verdilər ki, bütün məlumatlar saytda
yerləşdirilib, ordan faydalana bilərik. SOCAR-ın rəsmi internet
səhifəsində isə (www.socar.az) rəqəmlər tez-tez dəyişir, kəndlərə,
yaşayış massivlərinə, çoxmərtəbəli binalara qaz çəkilməsilə bağlı
xəbərlər qoyulur sayta. Ümumu mənzərəni göstərən rəqəmlər isə burada da
yoxdur. Məsələn, Bakıda nə qədər binada, nə qədər mənzildə qazın
olmaması barədə məlumatlar yoxdur. Yaxud qazlaşdırılmayan kəndlərin
siyahısı da yoxdur heç bir yerdə.
50,7 milyard manat və... ilk dəfə qaz alan kəndlər
Bölgələrdə
durum daha ağırdır. Hər il əhali odun tədarükü görmək zorunda qalır.
Bir maşın (QazEL)doğranmış meşə odunu regiondan asılı olaraq 250-350
manatdır. Bir ailənin qışda normal isinməsi üçün ən azı iki maşın oduna
ehtiyacı olur. "Azəriqaz"ın verdiyi məlumata görə, 2015-ci ildə 430
yaşayış məntəqəsi qazlaşdırılıb. Araşdırmamız nəticəsində onu da aşkara
çıxardıq ki, ötən il qazlaşdırılan kəndlərdən 248-i ilk dəfədir mavi
yanacaq alır. XXI əsr, neft-qaz ölkəsi, uğurlu iqtisadi inkişaf,
regionların sosial-iqtisadi inkişafı nağıllarına bundan tutarlı cavab
ola bilməz. Uzaq-uzaq ölkələri isindirən neft-qaz vətəni üçün bu rəqəm
çox utancvericidir, bundan daha dəhşətlisi isə hələ də qaz almayan,
odun, kərmə, təzək ümidinə qalan kəndlərin olmasıdır. Yeri gəlmişkən,
rəsmi məlumata görə, Azərbaycan
regionlarının sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarının
icrasına 2016-cı ilə qədər 50,7 milyard manat xərclənib.
Bu
il fevralın 5-də prezident İlham Əliyev H.Əliyev Mərkəzində regionların
sosial iqtisadi inkişafı dövlət proqramlarının icrasına həsr olunmuş
konfransda ötən 10 ildə 17 elektrik stansiyasının tikildiyini, ölkənin
90 faizə yaxın ərazisində qazlaşma aparıldığını deyib. Prezident həm də
deyib ki, son 10 ildəki uğurlar növbəti illərdə də davam etdiriləcək...
Hələ də qaz almayan 228 min 691 ailə
Statistika
Komitəsi bildirir ki, Azərbaycanda 2 milyon 40 minə yaxın ailə var. Bəs
bu qədər ailədən neçəsi qaz alır? Yenə rəsmi rəqəmlərə üz tutaq.
"Azəriqaz" 1 yanvar 2016-cı olan məlumatını açıqlayıb, bu tarixə qurum 1
milyon 811 min 309 ("Azəriqaz"ın bu rəqəmi barədə bir qədər sonra)
abonenti olduğunu deyir. Deməli, 228 min 691 ailə hələ də qazsızdır.
Ancaq nəzərə alaq ki, rəsmi rəqəmlər, bir qayda olaraq, gerçəkliyi əks
etdirmir. Əslində bu rəqəmin, yəni qaz almayan ailə sayının 500 mindən
artıq olduğu deyilir.
Rəqəmlər nə deyir?
2015-ci
ilin dekabrında müxtəlif internet resurslardan (icra hakimiyyətlərinin
saytları da daxil) və şəxsi əlaqələrdən yararlanaraq aşağıdakı cədvəli
hazırladıq. Bölgələrdə qazlaşdırma işi davam etdiyindən ola bilsin
rəqəmlərdə bəzi dəyişiklik olsun, ancaq bunun ümumi nəticəyə təsiri çox
azdır.
|
Rayon
|
Kənd/qəsəbə
|
Qazlaşdırılıb
|
1
|
Ağsu
|
78
|
62
|
2
|
Qusar
|
88
|
26
|
3
|
Lənkəran
|
83
|
56
|
4
|
Astara
|
89/2
|
33
|
5
|
Lerik
|
161/1
|
45
|
6
|
Yardımlı
|
88
|
13
|
7
|
Qax
|
58
|
18
|
8
|
Zərdab
|
42
|
25
|
9
|
Şamaxı
|
61
|
33
|
10
|
Biləsuvar
|
26
|
17
|
11
|
Kürdəmir
|
61
|
45
|
12
|
Ağdaş
|
54
|
45
|
13
|
Tərtər
|
74 /1
|
32
|
14
|
Bərdə
|
109
|
97
|
15
|
Xaçmaz
|
147
|
72
|
16
|
Oğuz
|
36
|
17
|
17
|
Sabirabad
|
74
|
46
|
18
|
İmişli
|
50
|
16
|
19
|
Şəmkir
|
66
|
42
|
20
|
Tovuz
|
102/1
|
36
|
21
|
Göyçay
|
55
|
30
|
Yuxarıdakı
cədvəldə baxıb hesablama aparmadan da görmək olur ki, prezident İlham
Əliyevin ölkənin 90 faizinin qazlaşdırılması ilə bağlı səsləndirdiyi
rəqəm reallıqdan çox uzaqdır. Yeri gəlmişkən, “Azəriqaz” rayonlar üzrə
əhalinin qaz istehlakının həcmini də açıqlamır, bu rəqəmlər açıqlansa,
qazlaşdırmanın dəqiq statistikasını hesablamaq olar.
İndiki
halda bu statistika olmadan bəzi rayon icra hakimiyyətlərinin saytından
götürülmüş, 2016-cı ilin yanvar ayında keçirilmiş “2015-ci ilin
yekunlarına həsr olunmuş hesabat yığıncaqlarında” səslənmiş məlumatlarla
da yetərlənmək olur. Bir neçə nümunə ilə tanış olun:
Yardımlı.
Ötən ildə rayonun Urakəran və Bürzünbül kəndləri də qazla təmin edildi
və qazlaşmış yaşayış məntəqələrinin sayı 13-ə, abonentlərin sayı 2,225-ə
çatdırılaraq, rayon üzrə qazlaşma 30 faiz təşkil etmişdir (http://yardimli-ih.gov.az/news/225.html) .Zərdab. Artıq rayonun 25 yaşayış məntəqəsi qazlaşdırılıb. Daha 3 kənddə işlər yekunlaşıb, 9 kənddə isə qazlaşdırma davam etdirilir (http://zerdab-ih.gov.az/news/354.html) .
İmişli. Rayon üzrə yaşayış mövcud olan 21722 təsərrüfatdan 11737 abonent kodu açılaraq kompüter qeydiyyatına götürülmüş, bununla da qazlaşdırılma 54,03 faiz olmuşdur (http://imishli-ih.gov.az/news/213.html) .
Məktəblərin qızdırılması
Ölkə
ərazisində neçə məktəbin qazla təmin olunması barədə statistika ilə
maraqlandıq. Təhsil Nazirliyindən sorğumuza cavabda bildirdilər ki,
onlarda bu statistika yoxdur: "Bölgə məktəblərinin istilik təminatı
rayon icra hakimiyyətlərinin səlahiyyətindədir". Belə çıxır ki,
məktəblərin qazla təminatı ilə bağlı Təhsil Nazirliyində məlumat yoxdur.
Yorumlar
Yorum Gönder