Daha bir Qurban bayramını yola
verdik. Allah hər xoş niyyətə kəsilən qurbanları qəbul eləsin.
Baxmayaraq ki, bu gün bəziləri təbrik belə qəbul etmək istəmir. Bir
dostum da zəng vurub təbriklərini çatdıranda iradsız ötüşmədi:
“Hər hansı səbəbə görə canlı kəsilirsə, onu necə bayram saymaq olar?
Heç olmasa Qurban günü desinlər”,- dedi. Mübahisə açmaq fikrim və
niyyətim yoxdur. Hərə bir arqument gətirəcək və dediklərinin mütləq
həqiqət olduğunu əsaslandırmağa çalışacaq. Ona görə min illərdən gələn
ənənəni saf-çürük etməkdən uzağam.
Ancaq XXI əsrdə yaşadığımızı da unutmamalıyıq. Niyə adi bir işi
təşkil etmək bu qədər problemə çevrilsin; hökumətin əlində bu qədər
resursları olduğu halda... Düzdür, kəsim məntəqələrinin yaradılacağını
elan ediblər, ancaq bu məntəqələr də kimlərçünsə yeyinti yeri olacaq,
nəticədə qəssablar ətin qiymətini qaldıracaq, yenə də ziyanı sadə
vətəndaşlar ödəməli olacaq. Hökumətimiz heç bir halda sahibkarlığın
inkişafını istəmir, bütün sahələri əlində cəmləyə, hamısından rüşvət
yoluyla qazanc götürməyə çalışır...
Avqustun 22-də şəhərin müxtəlif yerlərində oldum, antisanitariyanın
paytaxt küçələrini başına götürdüyünü kameranın yaddaşına yazdım.
Şəkillər durumun hansı səviyyədə olduğunun əyani sübutudur. Baxmayaraq
ki, rəsmilər Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti
Qida Təhlükəsizliyi Agentliyinin müəyyənləşdirdiyi ət kəsimi və heyvan
satışı məntəqələrində profilaktik məqsədlə dezinfeksiya işləri
aparıldığı demişdi. Onu da vurğulayaq ki, Kənd Təsərrüfatı Nazirliyinin
təşkil etdiyi həmin məntəqələrin bəzilərində oldum və oranı boş gördüm.
Paytaxta qoyun gətirən fermerlər, yaxud işbazlar gətirdikləri
heyvanları həmin məntəqələrdə deyil, yerləşə bildikləri ərazidə, demək
olar, heç bir şəraiti, suyu belə olmayan yerlərdə kəsib satırdılar.
Nazirliyin təşkil etdiyi satış yarmarkalarında kəsim yox idi, heyvanlar
ancaq diri satılırdı. Satış yerlərinin yaxınlığında hərə özünə bir
obyekt açıb 10 manata qoyunu kəsib, soyub sahibinə verirdi.
Yeri gəlmişkən, bəziləri qurban almağa qoyun paltarları gətirmişdi,
elə oradaca həmin paltarları qoyunlara geyindirirdilər, bu da heç xoş
mənzərə yaratmırdı. Adamlarda düşüncə fərqi olduğu anlaşılandır, ancaq
bu düşüncənin kütləviləşməsi üzücüdür...
Bu işə sorumlu qurumlar üzərlərinə düşəni edə bildimi? İki gün
qabaqdan Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və
informasiya təminatı şöbəsinin müdir müavini Vüqar Hüseynov AzərTAc-a
bildirmişdi:
“Qurban bayramı ilə əlaqədar avqustun 21-dən 23-dək nazirliyin
dəstəyi ilə paytaxtda və bölgələrdə keçiriləcək iribuynuzlu və
xırdabuynuzlu heyvanların satış yarmarkasına 35 minə yaxın heyvan
çıxarılması nəzərdə tutulub. Həmçinin bazarda bolluq yaratmaq,
qiymətləri sabitləşdirmək üçün qonşu ölkələrdən, əsasən də Gürcüstandan
20 min baş heyvan gətirilib”.
Yarmarkaların Qida Təhlükəsizliyi Agentliyinin müəyyənləşdirdiyi
məntəqələrdə təşkil olunacağını deyən V.Hüseynov bildirib ki, Bakıda 32
yerdə, həmçinin Gəncə, Neftçala, Lənkəran, Şəki, Şirvan, Quba, Ağdaş,
Şamaxı, Göyçay və İsmayıllıda satış yarmarkaları açılacaq.
“Bundan başqa nazirlik bölgələrdə çalışan fermerlərə də müraciət
edib. Onlar yarmarkalara, ümumilikdə, 13 min baş heyvan çıxaracaqlar. Yarmarkalara nazirliyin tabeliyindəki təsərrüfatlardan isə təxminən 1000-1500 baş iri və xırdabuynuzlu heyvan çıxarılacaq”.
Şərifzadə küçəsində nazirliyin yarmarkası vardı. Həmin yarmarkada
istisnasız olaraq yalnız Gürcüstandan gətirilən qoyunlar satılırdı.
Həmin qoyunlara da KTN 160 manat qiymət qoymuşdu. Çox təəssüf ki,
nazirlik rəsmiləri Gürcüstandan, başqa ölkələrdən qoyunları nə neçəyə
aldıqlarını, nə də 160 manat qiymətin hansı əsasla qoyulduğunu
açıqlamamışdılar. Yarmarkanın satıcıları narazılıq edən alıcılara
deyirdilər ki, onlarlıq iş yoxdur, qiyməti nazirlik nümayəndələri qoyub.
Onların fikrincə, Gürcüstandan gətirilən qoyunların orta çəkisi 13-15
kiloqramdır.
Ancaq alıcılar orta çəkinin 12-13 kq olduğunu deyir:
“Bu hesabla nazirlik ətin kiloqramını 12 manata satır. Bunun harası
güzəşt oldu? Fermerlər də həmin qiymətə satır, yarmarkada seçim imkanı
verilmir, böyüklü-balacalı eyni qiymətdir. Fermerlərdə istədiyini
seçirsən, üstəlik, yerli heyvanların əti daha dadlıdır”. Yarmarkada
olarkən bir qadının qiymətə etirazına nazirlik nümayəndəsinin kobud
cavab verdiyinin şahidi oldum. Qısa söz savaşından sonra problem yoluna
qoyuldu; nazirliyin kamerasına müsahibə verməyə razılaşan həmin qadına
qiymətdə güzəşt edildi, müsahibədən sonra hər iki tərəf heç nə olmamış
kimi gülümsəyirdi, razılaşma uğurlu alınmışdı...
Yarmarka satıcıları baytar həkimlərdən də şikayətləndilər:
“Səhərdən neçəsi gəlib, hərəsi bir təşkilatdan olduğunu deyib güzəşt istəyir”.
Daha bir müşahidə. Alıcılar qurbanlarının necə kəsilməsiylə
maraqlanmırdılar. Bıçağını götürüb yarmarkaya qəssablığa gələnlərin
hərəsi heyvanı üzü bir istiqamətə kəsirdi. Çoxu da sudan istifadə
etmirdi; səbəb sadəydi, çünki su yox idi. Hər tərəf qan gölməçəsi, baş,
ayaq, qarın, bağırsaq, dəri... Küçənin kənarında kəsilən qoyunun yerdə
qanın içində çırpındığını görən bir uşaq həyəcanla anasına sarı qaçdı:
“Mama, oni ubili barana!”(“Ana, onlar qoyunu öldürdülər”). Deyəsən,
ana qızını özüylə götürməkdə səhv etdiyini yalnız bu sözdən sonra
anladı, tez uşağı başqa istiqamətə apardı...
Bayram sevincini yaşamağa çalışın, bu qarışıq dünyamızda, problemləri başdan aşan ölkəmizdə çətin olsa belə...
Yorumlar
Yorum Gönder