Müstəqillik əleyhinə səs verənlərə müstəqil ölkənin 100 illik yubiley medalı
Sanki bu medalı kütləvi istehsal edib satışa buraxıblar və kim kimi istəyir, harda gəldi, təltif edir
İki gündür sosial şəbəkələrdə əsas müzakirə mövzularından biri
“Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley
medalıdır. Qızğın müzakirə səbəbsiz deyil. Ölkə kiçik, az qala hamı
bir-birini tanıyır. Kimlərin hansı yolda, hansı ideyaların daşıyıcısı
olduğu çoxlarına bəlli. Medal təsis olunanda onun kimlərə veriləcəyi
“Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi
haqqında” qanuna dəyişiklik ediləndə layihədə yazılmışdı. Layihə də
Milli Məclisdə başqa bütün qanunlar kimi, yəni dəyişiklik edilmədən,
qəbul olunmuşdu. Orada yazılmışdı:
“Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley
medalı ilə Azərbaycan Xalq Cümhuriyyəti liderlərinin varisləri və
Azərbaycan Xalq Cümhuriyyətinin tədqiqində və təbliğində, Azərbaycanın
dövlət müstəqilliyinin qorunub saxlanılmasında və inkişafında, ölkənin
ictimai-siyasi həyatında xüsusi xidmətlərinə görə Azərbaycan
vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təltif
olunacaq”. Ancaq
yayılan xəbərlər, həmişə olduğu kimi, yubiley medalı ilə bağlı ciddi
qanun pozuntusundan xəbər verir. Məsələn, ötən il milli öndərimiz
Məhəmməd Əmin Rəsulzadəni təhqir edən deputat Naqif Həmzəyevə də bu
medal verilib. Narazılıqlar, sosial şəbəkələrdə etirazlar da ondan sonra
başlayıb. Əslində bu medal ona deputat mandatına görə verilib. İlham
Əliyevin 3 iyul 2019-cu ildə imzaladığı, ancaq nədənsə www.president.az
saytında yerləşdirilməyən sərəncamıyla “Azərbaycan Xalq Cümhuriyyətinin
100 illiiyi (1918-2018)” yubiley medalı bütün deputatlara verilib.
Maraqlıdır ki, prezidentin bütün fərman və sərəncamları, görüşləri,
səfərləri ilə bağlı məlumatları “Rəsmi xronika” bölməsində dərc edən
AzərTAc da bu sərəncamı yaymayıb. Bu sərəncamdan saytlar və qəzetlər
Səməd Seyidovun vasitəsilə xəbər tutub. O, iyulun 3-də özünün Facebook
səhifəsində aldığı medalın şəklini paylaşıb. Saytlar da Səməd Seyidovun
səhifəsindən bu xəbəri götürüb; öz qeydləri ilə paylaşıb: “Sərəncamın
mətni yaxın saatlarda yayılacaq”. İyulun 11-dən medalı paylamağa
başlayıblar, həm də təkcə deputatlara yox, QHT təmsilçilərinə, baş
redaktorlara, hələlik adlarını bilmədiyimiz müxtəlif adamlara. “Yeni
Müsavat” qəzetinin redaktoru Rauf Arifoğluna hətta bu medal iki dəfə
təqdim olunub. Ortada
rəsmi sərəncam yox, qürur yerimiz olan AXC-nin 100 illiyi ilə bağlı
təsis edilən medalın veriləcəyi adamların adı dəqiq bilinmir, sanki bu
medalı kütləvi istehsal edib satışa buraxıblar və kim kimi istəyir,
harda gəldi, təltif edir. Məsələn, deputatlardan biri bu medalın ona
köməkçisi vasitəsilə göndərilməsindən narazılığını bildirib. Adam
haqlıdır. Prezident sərəncam veribsə, sərəncam rəsmi sənəd sayılır,
medal da rəsmi qaydada təqdim olunmalıdır. Yoxsa medalı bir yerdə Vüqar
Səfərli, başqa yerdə Əli Həsənov, yəqin, bir başqa yerdə Əflatun Amaşov,
ola bilsin, Azay Quliyev və başqaları təqdim edir. Sovetdənqalma
keçidin təmirdən sonrakı açılışına gələn, hansısa yolun 10-15-ci
kilometrinin lentini kəsən, bələdiyyə sədrinin görəcəyi işi boynuna
götürən prezident bu medalı sahiblərinə verməkdə maraqlı olmayıb. Bu
medal o qədər gərəksiz, əhəmiyyətsiz sayılıb ki, onunla bağlı sərəncamı
da, yuxarıda yazdığımız kimi, rəsmi olaraq yaymayıblar. Bəlkə,
utanıblar?! Üstəlik,
Azərbaycanın dövlət müstəqilliyinin əleyhinə səs vermiş deputatlar –
Arif Rəhimzadə, Eldar İbrahimov, Zeynəb Xanlarova, Mixail Zabelin, Madər
Musayev və başqaları da bu medalla təltif olunub.
Faciələrimiz bitmir ki bitmir…
Yorumlar
Yorum Gönder