İlham Əliyev ədaləti
Dövlət əmlakını talayanlara, korrupsionerlərə münasibətdə humanizm işə düşür…
Gədəbəyin keçmiş icra başçısı, bir vaxtlar vətən torpağının keşiyində
dayanan qazi Saleh Rüstəmli qanunsuz həbsinə etiraz olaraq keçirdiyi
aclıq aksiyasını davam etdirir. Suçu hər kəsə bəllidir: Rusiyada
qazandığı pullardan Azərbaycanda hakimiyyətin basqısı, təqibi altında
olan, türmələrə salınan müxalif fəallara yardım edib.
Hakimiyyətdəkilərin düşüncəsinə görə, belə müxalif mövqeli fəallar və
onların ailələri daim təzyiq altında olmalı, aclıq və səfalət içində
yaşamalıdırlar. Kimsə öz halal qazancından belə onlara yardım
etməməlidir. Saleh Rüstəmli məhz xeyirxah əməlinə görə narkotik ittihamı
ilə tutulub, sonradan “əsl cinayəti” üzə çıxıb və o, “çirkli pul
vəsaitlərini leqallaşdırmaqda” ittiham olunaraq 7 il 3 aylıq həbs cəzası
alıb. Bu ittihamı ona bütünlüklə çirkab içində olanlar, büdcə vəsaitini
dədə malı kimi talayanlar verib.
Aclıq aksiyasının 27-ci günündə olan Saleh Rüstəmli ilə bağlı son
günlər cəmiyyətin ən müxtəlif təbəqələrindən dəstək müraciətləri gəlir.
Səlahiyyətli qurumlardan və şəxslərdən onun azad edilməsi tələb olunur.
Hər müraciətdə onun vətən qarşısında xidmətləri təkrarlanır, himayəsində
əlil övlad olduğu vurğulanır. Ancaq səlahiyyət yiyələri hələ də susur,
həm də ölümünə susurlar…
Cinayətkar cəzasız qalmamalıdır – bunu tez-tez eşidirk, ancaq hər gün
hansısa cinayətkarın cəzasız qalmasına, ya da qısa müddətdə həbsdən
buraxılmasına şahidlik edirik.
Qalmaqallı “MTN işi” hələ uzun müddət yaddaşlardan silinməyəcək. Ölkənin milli təhlükəsizliyinə sorumlu olan bir qurum, sən demə, başdan-başa cinayətkarlar yuvası imiş. Bunu məhkəmə prosesləri, şahid ifadələri sübut elədi. Bu nazirlikdən 21 nəfər cinayət məsuliyyətinə cəlb olundu, 25 nəfər zərərçəkmiş kimi tanındı.
Generallar Akif Çovdarov, Sübahir Qurbanov, Teymur Quliyev, Elçin
Quliyev, Natəvan Mürvətova və başqaları cinayətkar kimi mühakimə olundu.
25 nəfər zərərçəkmiş kimi tanındı və onlara vurulan ziyanın ödənilməsi
üçün bu generallara və başqalarına məxsus ümumilikdə 21 milyon 528 min
manat dəyərində əmlak və pul vəsaitlərinin, o sıradan 20 milyon 971 min
manat dəyərində daşınmaz əmlak, 272 min manat dəyərində nəqliyyat
vasitələri, 42 min manat dəyərində zərgərlik və başqa qiymətli
məmulatlar, 88 min manat, 88 min ABŞ dolları və 5 min avro nağd pul
vəsaitləri üzərinə həbslər qoyuldu. Onlara 3 ildən 12 ilə qədər həbs
cəzası verildi. Cinayətin miqyası belə adamı dəhşətə gətirir, ancaq
həmin adamlar bu gün haqq etdikləri yerdə – türmədə yox,
azadlıqdadırlar…
Saleh Rüstəmli üçün istintaqın düzüb-qoşduğu ittihamda söhbət 412 min
dollardan gedir, ancaq məhkəmədə bu rəqəm də ifşa olundu, onun etdiyi
yardımıniki il ərzində vur-tut 10 min civarında olduğu ortaya çıxdı.
Tutaq ki, Saleh bəy şəxsi vəsaitindən lap 500 min dollar yardım edib,
bunun kimə nə isti-soyuğu var? Adamın zəhmətlə qazandığı pulun üzərində
sərəncam vermək hüququ var. Yeri gəlmişkən, onun Rusiyada vicdanlı vergi
ödəyicisi olduğu da sənədlərlə sübut olundu, yəni çirkli pullar
ittihamının da saxta olduğu üzə çıxdı.
MTN generaları isə milyonları hədə-qorxu, işgəncə yoluyla müxtəlif
adamlardan toplamışdılar. Məsələn, Akif Çovdarov Metropolitenin rəhbəri
Tağı Əhmədovdan hədə-qorxu yoluyla 3 milyon manat almışdı. Onun hətta
şəxsi izolyatorunun da olduğu bildirilirdi. Qurbanlar günlərlə burada
saxlanılır, tələb olunan məbləğ ünvanına çatandan sonra azad edilirdi.
Əsas fiqurlardan olan Akif Çovdarov 12 il, Sübahir Qurbanov14 il
müddətinə azadlıqdan məhrum edilsələr də, 2020-ci ilin aprelində onlar
azadlığa çıxdı; hökm oxunandan 2 il sonra.
Bu cür misallar yüzlərlədir, dövlət əmlakını talayanlar, büdcə
siçovulları, korrupsioner və rüşvətxor məmurlar hərdən tutulsalar belə,
az sonra azadlığa çıxırlar, onlara münasibətdə humanizm işə düşür…
Saleh
Rüstəmli düşmənə göz dağı olan Başkənd əməliyyatının rəhbəri və
icraçısıdır. Gerçək bir qəhrəmandır. Azərbaycanda qiyam yoluyla devrilən
hakimiyyətin ləyaqətli təmsilçisi olub, çevrilişdən sonra papağını
götürüb ölkədən gedib, ancaq əqidə dostlarını, onların ailələrini
unutmayıb, gücü çatandan kömək edib. Yeganə suçu budur…
İlham Əliyev müsahibələrində, çıxışlarında çox vaxt Qərbi, oradakı
müxtəlif qurumları ədalətsizlikdə ittiham edir, bu isə o deməkdir ki, o,
ədalətin və ədalətsizliyin fərqindədir.
Saleh Rüstəmli də canından
artıq sevdiyi vətənində ədalətsizliyin qurbanıdır. Çox qəribədir, bu gün
Azərbaycanda müxalifətlə (dırnaqlı və dırnaqsız) işləyən adamın da adı
Ədalətdir…
Nə qədər gec deyil ədalətinizi göstərin!
Yorumlar
Yorum Gönder