Geriyə doğru… İrəli!
Geri dönüşümüzün daha bir nümunəsi martın 29-da yaşanıb
Son
günlər maraqlı informasiyalarla zəngindir. Tanınmış politoloqlarımız,
hərşeyşünas deputatlarımız belə çatdırıb baş verənləri şərh etməkdə
çətinlik çəkir. Rusiyanın Ukraynaya hücumu, işğalçılıq siyasəti
ətrafında danışmaq, fikirlərini bölüşmək bu politoloqlarımız üçün ciddi
sınaqdır. Nə danışmaq, necə danışmaq, nə şişi, nə kababı yandırmamaq,
həqiqətən, çox çətin durumdur. Haqqın, yoxsa müttəfiqin yanında
dayanmaq? “Olum, ya ölüm” sualı qədər çətindir, heç mandat alanda belə
seçim qarşısında qalmamışdılar…
Bu arada Qarabağdan xəbər gəldi ki, ordumuz Fərrux yüksəkliyini və
eyni adlı kəndi götürüb. Az keçməmiş Rusiya Müdafiə Nazirliyi bizi öz
torpaqlarımızdan geri oturtduğunu açıqladı, yəni o yerlərdən geri
çəkildiyimizi dedi, üstəlik, həmin açıqlamada “Dağlıq Qarabağ” sözü
işlətdi, ardınca bizim müdafiə nazirimiz Zakir Həsənovun problemi
çözdüyü xəbəri gəldi. Sən demə, Z.Həsənov Rusiyanın müdafiə naziri
Şoyquya zəng vurub Azərbaycanda “Dağlıq Qarabağ” adlı yer və “Furux”
adlı kənd olmadığını deyib (yazılanlardan belə anlaşılır). Onların
cavabı maraqlı deyil, maraqlı olan martın əvvəllərindən yoxa şıxan, heç
Putinin də tapmadığı Şoyqunu Zakir Həsənovun anındaca tapmasıdır.
Görünür, bu məsələdə müttəfiqliyin böyük rolu olub. Yeri gəlmişkən,
AzTV-lər də xəbər siyasətində müttəfiqliyə önəm verirlər, əvvəlcə
Rusiyaya, ardınca Ukraynaya istinadla müharibə zonasından
informasiyaları ara-sıra Azərbaycan tamaşaçılarına çatdırırlar. Həm də
“işğal”, “Rusiyanın hücumu”, “düşmən” kimi sözləri dilə gətirməkdən
çəkinirlər; müttəfiqliyimizə ziyan dəyməsin deyə (bunu həm də AzTV-lərin
peşəkarlığının, “dəqiq, qərəzsiz, vicdanlı”, balanslı siyasət aparan
jurnalistikanın uğuru saymaq olar). 43 maddəlik saziş isə sizə zarafat
gəlməsin, onun şərtlərinə əməl etmək bir yana, heç oxuyub qurtarmaq
olmur…
Ancaq hamımızı narahat edən məqama iki nazirliyin açıqlamaları
aydınlıq gətirməyib, Azərbaycanda “Dağlıq Qarabağ” adlı yerin və Fərrux
yüksəkliyinin bizdə olub-olmadığı bilinmir…
Xalqımız bunun şokundan ayılmamış Milli Məclisin “hörmətli xanım
sədr”i (ifadə saxta mandatlı deputatlara məxsusdur) Sahibə Qafarova MDB
Parlament Assambleyası Şurasının Qazaxıstanın Almatı şəhərində keçirilən
iclasında “Azərbaycan SSR” sözü ilə gündəmə gəlib. Əslində, təəccüblü
heç nə yoxdur. Ancaq nədənsə hər kəs onun çıxışını paylaşır, tənqid edir
(özlərinin qəbul etdiyi qanunlarla- demokratiya, söz azadlığıdır axı).
Çox təəssüf, bir nəfər də soruşmur ki, “hörmətli xanım sədr” üçün o
mətni kim yazıb verib. Biz görmüşük ki, Milli Məclisin spikeri istər
parlamentdə, istər müxtəlif görüşlərdə həmişə çıxışını hazır mətnlərdən
oxuyub. İndi yazılanı olduğu kimi kağızdan oxuyanı yox, yazanı qınamaq
kimsənin ağlına gəlmir. Kim bilir, bəlkə, parlamentin növbəti iclasında
deputatlar “hörmətli xanım sədr”dən bu məsələyə aydınlıq gətirməsini
tələb edəcəklər. Bir politoloqun sözü olmasın: Nə desən, ola bilər!
Geri dönüşümüzün daha bir nümunəsi martın 29-da yaşanıb. İctimai fəal
İmran Əliyev şəhərin ortasında qəflətən yoxa çıxıb. Vəkili və dostları
onu tapa bilmir. Çox maraqlıdır ki, təhlükəsizliyimizə qarant olan
dövlət qurumları da fəalın yoxa çıxmasından xəbərsiz olduqlarını
deyirlər. Keçmiş təcrübədəsə belə hallar çox olub və itən adam həmişə
təhlükəsizliyimizə qarant olan orqanlardan tapılıb…
Yenə də elə oldu…
P.S.Qarşıdan aprel ayı gəlir, Azərbaycanda sovet hakimiyyətinin qurulduğu ay, o üzdən “hörmətli xanım sədr”in çıxışını da, o mətni yazanı da anlamaq olar. Biz indi Azərbaycana müstəqilliyin tamını dadızdırmış 28 May yox, daha çox 28 Aprel övladlarının dövründə yaşayırıq.
Yorumlar
Yorum Gönder