Soyadını unudanın məktubu
Prezidentə nə yazırlar?
Məsuliyyətli vətəndaş, jurnalist və daimi izləyici olaraq prezidentin
saytına qoyulan məktubları həmişə oxuyuram. Ölkənin hər yerindən,
dünyanın müxtəlif qitələrindən prezidentə yazılan bu məktubları həm də
qürur hissi ilə izləyirəm. Dünyada bizə diqqət göstərən, ölkəmizdə baş
verən hadisələrə, ictimai-siyasi proseslərə, hətta xarici vətəndaşlara
dəxli olmayan sərəncamlara belə reaksiya verən bu bəşər övladlarını
bağrıma basmaq istəyirəm. Hər məktub adamı həyəcanlandırır, sözlə ifadə
olunmayası duyğular oyadır, bəzən göz yaşına boğulursan, siqaretə əl
atdığın vaxtlar da olur, dilin söz tutmayana qədər içmək də istəyirsən.
Ancaq əl saxlayırsan, səhhətini düşünürsən, hələ yazılacaq təşəkkür dolu
nə qədər məktubu oxumaq istəyi səni dayanmağa məcbur edir.
Məsələn,
2020-ci ilin 29 aprelində Çinin Quancou Universitetinin tələbələri –
Yanjie Qiao, Ren Zhi, Yanping Zhong, Xin Vang, Huan Zhang, Meng Vang,
Yilian Gao, Caiyan Vu, Vei Qi-nin yazdığı məktubu heç vaxt unutmaram;
onların o mübarək adlarını tələffüz etmək çətinliyim olsa belə…
Ya da cinli bacı-qardaşlarımızdan cəmi 10 gün qabaq – 2020-ci il aprelin 19-da yazılan bu məktubu necə unutmaq olar?! Bu məktubun özəlliklərindən biri də odur ki, 44 günlük savaşdan, yəni hamının tərif üçün növbəyə durduğu vaxtdan qabaq yazılıb. Savaşdan sonra belə məktublar çoxdur, saysızdır, bəzən aşırı təriflər var o məktublarda. Ancaq Məhəmməd bəyin məktubu həm də uzaqgörən vətəndaşın səmimi notlara köklənmiş içdən gələn ürək sözləri olduğu üçün dəyərlidir. Buyurun, siz də tanış olun, inanıram ki, mənimlə ikiəlli razılaşacaqsınız, əziz oxucular:
“Cənab Prezident.
Mən bir Azərbaycan vətəndaşı olaraq Sizə dərin
təşəkkürlərimi çatdırıram. Təkcə ona görə yox ki, Siz dövlət başçısı
olaraq vəzifənizin öhdəsindən layiqincə gəlirsiniz, həm də ona görə ki,
Siz bir rəhbər kimi hər bir Azərbaycan vətəndaşını düşünürsünüz. Bunu
Sizin bütün qərarlarınızdan duymamaq mümkün deyil.
Cənab Prezident,
eşq olsun Sizə! Və nə mutlu bizə… Siz bizə Tanrının bir lütfüsünüz. Mən
və çevrəmdə olanlar Sizinlə fəxr edirik. Allah Azərbaycanımızı və Sizi
qorusun. Nə yaxşı ki, bu dar günlərdə Sizin kimi Liderimiz var.
Hörmətlə, Zamanov (Ərsoy) Məhəmməd Sevindik oğlu”.
Sizi də duyğulandırdığımı bilirəm, ancaq paylaşmaya bilməzdim, sevincimi bölmək istədim…
İndi
isə bu xoş notlara bir az da xoş olmayan əlavələr edim, Prezidentə
yazılan bəzi məktublarla bağlı iradlarımı bildirim. Açığı, o məktubları
ora kimin və ya kimlərin yerləşdirdiyindən xəbərsizəm. Bəzi məktublarla
bağlı bir neçə dəfə tənqidi yazım, iradım olsa da, indiyə kimi o sayta
baxanlardan reaksiya verən olmayıb. Səbəbi bəlli deyil, ola bilsin,
başları çox qarışıq olur, hər cızma-qaraya fikir verməyə vaxtları olmur,
ya da başqalarının məktublarını oxumaq, onların yerinə bəzən məktub
yazmaq zorunda qalmağın çətinliyini də anlayıram. Məsələn, ən çox, həm
də ardıcıl irad bildirdiyim problem budur ki, bəzi tanınmış adamlar
verilmiş imkandan sui-istifadə edir. Nədir bu? Prezidentin saytına
məktub yazmaq qaydaları saytın Müraciətlər bölməsində var. Orada
göstərilir ki, müraciət üçün limit var: 500 işarədən artıq (qabaqlar
1500 işarəyə icazə verilirdi) məktub yazmaq olmaz, ancaq Allahşükür
Paşazadə məktubunda 3 min işarəni keçir. Onun Azərbaycandakı dini
konfessiya rəhbərləri ilə birlikdə Prezidentə yazdığı məktubun həcmisə 5
min işarədən çoxdur. Başqa biri, Masazırda yaşayan şuşalı Anar 2 min
130 işarəlik məktub yaza bilir sayta. Şuşada keçirilən Zəfər qurultayına
Amerikadan gələn nümayəndələrin birlikdə yazdığı məktub 4534 işarədən
ibarətdir. Belə örnəklər çoxdur…

Bunlara dözmək olar, daimi oxucu kimi məni narahat edənsə
məktublardakı bəzi uyğunsuzluqlardır. Belə ki, lap bu günlərdə –
avqustun 5-də sayta Fatma Səfərəliyeva ad-soyadlı şəxsin 3 min 298
işarəlik məktubu
qoyulub. İmza diqqətimi çəkdi və onun Müharibə, Əmək və Silahlı
Qüvvələr Veteranları Təşkilatının 100 yaşlı sədri Fatma xanım olduğunu
bildim. Ancaq bir yanlış vardı, gərək saytı işlədənlər ona yol
verməyəydilər. Fatma xanımın soyadı Səttarovadır, Səfərəliyeva yox. Bu
il yanvarın 24-də Prezident onu 100 yaşının tamam olması münasibətilə
elə bu ad-soyadla “İstiqlal” ordeni ilə təltif
edib və həmin sərəncam saytın başqa bir bölməsində – Sənədlər
bölməsində yerləşdirilib. Görünür, saytda məktublar və sərəncamlar işinə
ayrı-ayrı adamlar baxır. Qələt də buna görə ola bilər…

Qaldı soyad məsələsi, anlaşılandır, 100 yaşlı qadının yaddaş problemi
ola, soyadını unuda, məktubu özü yazmaya bilər, ancaq çox məsuliyyətli
yerdə çalışan, məktublar yazan və oxuyan, onları yerləşdirən sayt
əməkdaşları gərək diqqətli olsunlar, məktubları Prezidentə yazdıqlarını
unutmasınlar…

“…veteranlar olaraq, hər zaman olduğu kimi,bundan sonra da Sizin
siyasətinizi dəstəkləməkdə, dövlətimizin, milli maraqlarımızın keşiyində
ayıq-sayıq dayanmaqda davam edəcək, dövlətimizin işıqlı gələcəyi üçün
heç bir fədakarlıqdan çəkinməyəcəyik”.
100 yaşlı qadının adından yazılan, belə bir nikbin notla bitən
məktubda səhvə yol vermək heç kimə baş ucalığı gətirməz. Yeni, maraqlı
məktublar oxumaq ümidi ilə…
Deyəsən, mən də limiti aşdım…
Yorumlar
Yorum Gönder