Ağaclar və adamlar
Dövlət başçısı istəyində israrlıdır; ağac
kəsilməsinə imkan verməmək niyyətindədir. Bunu Ağdaşa səfəri zamanı bir
daha göstərdi. Bundan əvvəl Nazirlər Kabinetinin 16 aprel müşavirəsində
ağac kəsilməsinə etiraz bildirib, növbəti dəfə ciddi göstəriş vermişdi…
Nəqliyyat naziri Ziya Məmmədovun Ağdaşda
dördzolaqlı yol çəkmək niyyətinin üstündən Ilham Əliyev elə ağaclara
görə xətt çəkdi. Baxmayaraq ki, o, yolların çəkilməsində, yolun hansısa
kilometrinin açılışında lent kəsməkdə maraqlıdır. Ancaq “ağaclar
heyifdir” axı. Dövlət başçısı Ziya Məmmədova elə beləcə də dedi:
“Dördzolaqlı olsa, onda gərək ağaclar qırılsın. Dörd zolağa ehtiyac
yoxdur, ağaclar heyifdir. Qətiyyən olmaz. Yaxşı ki, mən gəldim və bu
sxemi gördüm”. Adam kövrəlmək istəyir, bir az duyğusal olanlarınsa
hönkür-hönkür ağlaması qaçılmazdır. Bilmirəm o yol Ağdaşın hansı
tərəfindədir, orda nə qədər ağac qırılacaqdı, ancaq şansları varmış
həmin ağacların. Bu dəfə xilas oldular. Büdcənin də xilas olacağınasa,
inanmıram. Ziya müəllim yolu dördzolaqlı çəkmək istəyirdisə, o xərci
çıxaracaq…
Problem ondadır ki, Azərbaycanda ağclarla birgə
adamlar da yaşayır. Ancaq “heyif adamlara” deyən səlahiyyət yiyəsi
yoxdur. O adamların durumu ağaclardan heç də fərqlənmir. Onlar bütün
sahələrdəki yarıtmaz idarəetmənin qurbanına çevrilir. Icra başçısının,
yaxud səlahiyyətli məmurun zülmündən, haqsızlığından, şikayətləri
dinləməməsindən adamlar bezir və canına qəsd edir. Kimisi özünü
yandırır, kimisi asır, kimisi binadan atır, kimisi güllələyir, bir
sözlə, elə ağaclar kimi kəsilib torpağa düşür. Ömrün hər çağında… Ancaq
bu “sxemi” dövlət başçısına göstərmirlər ki, qarşısını alsın. Səhiyyənin
durumu hər kəsə, ən çox da qonşu Iran dövlətinə bəllidir. Bir dəfə yeni
Avtovağzaldan Irana qonaq yola salırdım. Gördüklərimdən dəhşətə gəldim.
Gündə Irana (Tehran, Təbriz, Ərdəbil) bu avtovağzaldan 10-a yaxın
avtobus gedir. Həmin avtobusların sərnişinlərinin 90 faizi sağalmaq,
dərdinə çarə tapmaq ümidilə gedən azərbaycanlı xəstələrdir. Nəzərə alaq
ki, sərhədyanı bölgələr və onlara yaxın rayonlar keçid məntəqəsinə şəxsi
maşınlarıyla, yaxud taksiylə gedirlər. Hələ bunun təyyarəylə gedənləri
də var. Irana xəstə axınının miqyasını özünüz göz önünə gətirin. Bəs
onların “sxemini” kim çatdırmalıdır dövlət başçısına?
Bakıda evləri başına uçurulanlar, ədalətli
kompensasiya tələbiylə aksiya keçirənlər və buna görə polis
zorakılığıyla üzləşənlər, döyülənlər, tutulanlar. Nəsillərinin əsrlərlə
yaşadığı ərazidən zorla köçürülənlər… “Sovetski”nin sökülmə “sxemini”
nədən dövlət başçısına göstərməyiblər?
***
Neçə gündür NIDA-çı gənclərin məhkəməsi gedir.
“Vətənə xəyanət”in dəbdə olduğu bu günlərdə Vətənini sevən, onun
demokratikləşməsi, çiçəklənməsi, dünya dövlətləri arasında layiqli yer
tutması uğrunda çalışan gənclərin məhkəməsi. Onların günahsız olduğunu
bilməyən yoxdur. Ittihamların nə qədər qondarma olduğunu keçirilən
məhkəmə prosesləri də göstərir. Ancaq gözünü pul örtmüş prokurorlar,
hakimlər bunu görmür, daha doğrusu onlara bunu görməmək göstərişi
verilib. Bu sxemi cızanlar başqa dövlətinmi məmurlarıdı? Gələcəyimiz
olan bu işıqlı gəncləri şərləməkdə, dustaq eləməkdə onların məqsədi
nədir? Dövlətə xidmət, yoxsa xəyanət? Bəs gənclərin həbs “sxemi” niyə
gizlədilir, dövlət başçısına göstərilmir?
Sizə səslənirəm, Eldar Mahmudov, Ramil Usubov,
Zakir… yox, onu sonraya saxlayaq. Niyə siz də əməliyyat “sxemlərinizi”
dövlət başçısına göstərmirsiniz? Yoxsa bu ancaq Ziya Məmmədovun işi
olmalıdır?!.
“Heyif adamlara” – bəlkə, bir gün siz də bu sözü dilinizə gətirəsiz!..
03 May 2014
Yorumlar
Yorum Gönder