Əkrəmin atdığı daş…
Romanı oxumamışam. O üzdən də söz deməyəcəm. Mən də Vaqif Səmədoğlu deyiləm ki, oxumadığım, nə yazıldığından xəbərsiz olduğum əsər haqda söz deyim. Iraq olsun, heç Nizami Cəfərov da deyiləm ki, parlamentdə, qanunverici orqanda otura-otura ağzımın danışığını bilməyəm. Ancaq bunların “vətənşüvənliyindən” onu dəqiq bilirəm ki, bu əsərdə əsas məsələ erməni-filan deyil, başlıcası hakimiyyətlə, müxtəlif vəzifələrə daraşanlarla bağlı deyilənlərdir. Sadəsə bunlar deməyəcəklər ki, ey xalq, Əkrəm bizim yaramazlıqlarımızdan yazıb, durun onun cavabını verin. Cəfər Cabbarlının “Almaz”ında bir epizod var. Zibilin üstü açılmaması üçün başqa bəhanə axtarır, bir növ indiki hakimiyyətdəkilər kimi baş verənlərdən diqqəti yayındırmaq istəyirlər: “Sən məscidi qışqır, qoy bəhanə məscid olsun!”. Eynilə bizim Milli Məclisdəki deputatlar kimi. Mirzə səməndərlər, fatmanisələr, molla sübhanlar indi parlamentdə əyləşirlər.
Elşad Abdullayevin nişan verdiyi adamdan, bunlara deputat mandatı satandan, verəndən göstəriş gəlib ki, “Qarabağ”, “düşmən erməni” sözlərini bərkdən qışqırın. Təki başqa zibillərimiz gündəmdən çıxsın, bir az rahat nəfəs alaq. Parlamentdə illərlə ağzına su alan deputatlar söz demək üçün dünən bir-birinin yaxasını cırırdı. Növbəyə düzülmüşdü. Əsgər ölümünə susanlar dil boğaza qoymurdu. Olmur. Belə millət vəkilliyi olmur. Doğrudur, siz axı millətin yox, Ramiz Mehdiyevin vəkillərisiz. Onun göstəriş və tapşırıqları danışıqsız icra olunmalıdır. Nəyin bahasına olursa olsun…
Əkrəm Əylislinin evinin həyətindəki aksiyadan Turxanın “Azadlıq” radiosu üçün hazırladığı video reportaja diqqətlə baxmaq gərəkdir. Reportyorun suallarına cavablar hər şeyi deyir…
Kürdəxanıdakı macar məhbusun harayı
Bakıda həbsdə olan Macarıstan vətəndaşının Ramil Səfərova ünvanladığı məktub dünən gozetci.az saytında yayılıb. Ötən ildən həbsdə saxlanılan macar Adi Erik Ramil Səfərova yazdığı məktubda günahsız, həm də bu işdə anlaşılmazlıq olduğunu deyir. Ramil Səfərovdan, Azərbaycan xalqından, mətbuatdan kömək istəyir. Normal dövlət olsaydı, qanunlar işləsəydi yəqin nə onun müraciətinə, nə də mətbuatın, yaxud xalqın dəstəyinə ehtiyac olardı. Vəkil, hakim hər qanun yol verdiyi şəkildə həll edərdi. Ancaq bu ölkədə azmı şərləmələrin, qanunsuz hökmlərin şahidi olmuşuq. Şərlənərək həbsə atılan “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı məhkəmədə hakimi, prokuroru divara dirəyir, balla da yeyiləsi mümkün olmayan sözləri bunlar çox rahat şəkildə udurlar. Hələ özlərində cavab vermək cəsarəti də tapırlar…
Bu ölkədə hakim Azərbaycan adına rüşvət qarşılığında qərar çıxarır. Femida xanımı da biabır edir, dövləti də.
Indi macar-hun qardaşımız bizim hansı durumda, kimlərin hakimiyyəti altında olduğumuzu canıyla-qanıyla hiss edir. Biz çalışıb (rüşvət qarşılığında olsa belə) onu həbsdən azad etdirməli, vətəninə qovuşdurmalıyıq. Azərbaycan həqiqətlərini avropalılar, xüsusilə “kürü diplomatiyası”na uyub Azərbaycanda baş verənlərə göz yumanlar, Ştrasserin layihəsinə yox deyənlər onun dilindən eşitməlidir. Burda heç kim heç nədən sığortalanmayıb, sabah AŞ PA-da oturanların da çantasından Binə Hava Limanında narkotik çıxa bilər…
02 Fevral 2013
Yorumlar
Yorum Gönder