“Mürtəd” yığıncağı


– 2011-ci ilin iyununda Yəmənin 100-ə yaxın nüfuzlu din xadimi bəyanat imzalamışdı. Din xadimləri prezident Əli Abdulla Salehin istefasını və növbədənkənar prezident seçkilərinin keçirilməsini tələb edirdilər. Təbii ki, Saleh onda hələ prezident postundaydı.
– Səudiyyə Ərəbistanının nüfuzlu din xadimi Əli əl-Rabiei isə Suriya prezidenti Bəşər Əsədi öldürən şəxsə yarım milyon dollar pul ödəməyə hazır olduğunu bildirib.
– Venesuela prezidenti Uqo Çavesin yanvarın 10-a təyin olunmuş inaqurasiya mərasimi xəstə olduğuna görə təxirə salındı. Sonra onu elə andiçmə olmadan prezident elan etmək istədilər. Ancaq ölkənin din xadimi bunun əleyhinə çıxdı.
Bu sadaladıqlarımın sayını artırıb sizə əziyyət vermək istəmirəm. Məncə, elə bunlar da yetərlidir. Həm də bütün bunlardan xəbərdarsız. Din dövlətdən ayrıdır. Din xadimi prezidentin sözçüsü deyil. Ölkənin taleyi ilə bağlı məsələlərdə sözünü deməli, mövqe ortaya qoymalı, yeri gələndə fətva da verməlidir. Biz nələrə şahidlik edirik? Ötən il Azərbaycanda heç bir döyüş olmayıb, hətta buna cəhd də edilməyib, atəşkəsdir axı. Ancaq 97 hərbi qulluqçu itirmişik. Bu itki hər bir vətəndaşın ürək ağrısına çevrilməlidir. Hər kəs etiraz səsini ucaltmalıdır. Ucaldırıqmı? Sosial şəbəkələrdə fəal gənclərin təşəbbüsü ilə yanvarın 12-də “Əsgər ölümlərinə son” aksiyası keçirildi. O aksiyada din xadimlərindən kimsəni görmədim. Aksiyada görünmək bir yana, Azərbaycan övladlarının məsuliyyətsizliyin, harınlığın qurbanı olmasıyla bağlı Qafqaz Müsəlmanları Idarəsi başilərləri yığılıb bir dəstək bəyanatısa da vermədilər.
Ancaq hakimiyyətin antiƏkrəm kampaniyasına qoşuldular. Tam tərkibdə. Çıxış üçün növbəyə düzülmüşdülər. Din xadimi olmasa da, Əliyevlərin tarixçisi Yaqub Mahmudov da ordaydı. Əhvalının yaxşı olmadığı üzündən bilinirdi. Axı Əkrəm Əylislinin “Daş yuxular”ını oxuyanda ürəyinin ağrısından tez-tez dərman içirmiş. Ancaq bu tarixçinin xalqın ürək parçalayan hayqırtıları, dərdi-səri, əsgər ölümləri qarşısında heç… barmağı da ağrımır, sızlamır. Hər halda bunu eşitməmişik. Azərbaycanın tarixini saxtalaşdıranda, onu yalnız Əliyevə bağlayanda da ağrı çəkməyib, əksinə, ad-san, pul-para, deputat mandatı qazanıb.
Həmin yığıncağın pik nöqtəsi isə Azərbaycanın birinci müsəlmanı – o hətta özünü Qafqazın birinci müsəlmanı sayır – Şeyxin yazıçı Əkrəm Əylislini “mürtəd” elan etməsi olub. Bilməyənlər üçün deyim: mürtəd – dinsiz, imansız, dinindən dönən adama deyilir. Mən şəxsən bunların heç birini Əkrəm Əylisliyə aid eləmirəm. Müsəlmandır, dinindən dönməyib, heç imansız olduğunu da düşünmürəm. Yazıçılığı buna imkan verməz.
Bakıda nə qədər məscid bağlanıb, dindarlara qarşı nə qədər aşağılayıcı hərəkətlər olub; təpik altına salınıb, saqqalı qırxılıb. Islam partiyasının sədri Mövsüm Səmədov həbsdədir. Narkomandır? Xeyr. Içki düşkünüdür? Iraq olsun. Cinayətkardır? Hamı bir ağızdan yox deyəcək. Bir çıxış, ölkədə baş alıb gedən qanunsuzluqlara bir etiraz onun həbsinə gətirdi. Ifadə azadlığından yararlanmaq istədi, əvəzində qondarma ittihamla türməyə salındı. Azdırmı belələri? Allhaşükür Paşazadə indiyə qədər hakimiyyətin hansı qanunsuz əməllərinə qarşı çıxıb, hansı qanunsuz həbslərə etiraz edib? Bəlkə Ismayıllıda hüquqları pozulanların yanında olub? “Binə”dəki özbaşınalıqlara etiraz edənlərin səsinə səs verib? Yox, hüquq da nəzir qutusu deyil ki, onu göz-bəbəyin kimi qoruyasan, ona əl uzadana sinəni sipər edəsən…


16 Fevral 2013

Yorumlar

Popüler Yayınlar