Hakimiyyətdən dördəlli yapışan YAP iqtidarı ağır günlərini yaşayır.
Ölkəni təkcə içdə deyil, dış da da rüsvay edən bir rejim saman çöpündən
yapışmış durumdadır. 600 min üzvü olmasıyla öyünən partiya zorla
ətrafına yığdığını itirməkdədir. Bu 600 min üzvün necə formalaşması hər
kəsə bəllidir. YAP-da binadan ideya birliyi olmayıb. Hakimiyyətə gəlmək,
ölkənin var-yoxunu talamaq, rejimin ömrünü daha çox uzatmaq başlıca
ideya olub. Zaman-zaman yal, daha çox yal davası, daha çox talamaq,
başqasından daha çox var-yatıra sahib olmaq uğrunda savaş gedib. Bu
savaşda ən yaxın “dosta” belə aman olmayıb. Rəhbərə daha yaxın olmaq, bu
yaxınlığı başqalarının gözünə soxmaq, bu yaxınlıqdan yararlanıb
yağmaçılıq etmək başlıca prinsip olub. Partiya da bu prinsiplər üzərində
qurulub. Adamlar partiyaya tramplin kimi baxıb. Hər cür alçaqlığa enib,
təki hansısa vəzifə ala bilsin, hansısa postdan yapışa bilsin. Bunun
yolu YAP-a üzv olmaqdan keçib. Ali məktəblərin əksəriyyətində tələbələr
zorla bu partiyaya yazdırılıb, idarə və müəssisələrdə, xəstəxana və
klinikalarda yapçı olmayan süpürgəçi belə tapmaq çətindir…
1993-cü ildən bu siyasət yürüdülür. Müxalifəti, vətəndaş cəmiyyətini,
mətbuatı sıradan çıxarmaq sonda bu duruma gətirməliydi. Artıq bir neçə
ildir mübarizə aparmağa rəqib qüvvə qalmayıb, illərdir YAP-ın içində
yağlanan, şişən qurdlar indi özlərinə girişiblər. Indi daxildən
“qidalanmağın” çağıdır. Sümürülüb bir sümük, bir dəriyə çevrilən
cəmiyyətdən dişə dəyən heç nə qalmayıb, yağsız tikədir; daha ləzzət
eləmir.
Ötən aydan başlayan tutulub dama basılmalar YAP-ın sıralarını
seyrəldir. Düzdür, onlar üçün bəlkə də xoş olmayan seyrəltmədir, ancaq
hər kəs əkdiyinin meyvəsindən gec-tez dadmalıdır. Bu gün siyavuşların
hansı açıqlamanı verməsinin, partiyadan çıxarılanları yamanlamasının heç
bir effekti yoxdur. Hansı don geyindirsələr, ziyanlarına işləyəcək.
Bilirlər, o səbəbdən açıqlamaları da hıqqana-hıqqana verirlər,
müxalifəti, Qərbi, beynəlxalq təşkilatları söymək deyil, içdən gəlmir,
özlərini zorlayırlar, ağır durumda olduqlarını yaxşı bilirlər, həm də
hamıdan yaxşı. Illərdir bütün sahələrdə monopoliya yaratdıqlarını, baş
qaldıranın başından vurduqlarını, kənddən şəhərə qədər hər şeyə
sahibləndiklərini… Ucqar kəndlərdə belə torpaqlara məmurlar yiyələnib,
pomidor-xiyarı da bunlar əkir, mal-qoyunu da bunlar saxlayır,
Sahibkarlığa Kömək Milli Fondundan milyonlar da bunlara verilir. Yaxşı,
sahibkar olmaq istəyirsiz, olun, ancaq vəzifədən də cəhənnəm olun. Ya da
imkan verin ömrü torpaqda keçən kəndli də heç olmasa bir əlində qarpız
tutsun…
Hakimiyyətlərinin ilk illərində kimlərinsə zəhməti hesabına
qazanmasına imkan verirdilər, müxtəlif tenderlərdə ayrı-ayrı adamlar,
şirkətlər iştirak edirdi. Artıq uzun illərdir tenderi formal elədilər,
Nazirlər Kabinetinə qərar qəbul elətdirdilər ki, istisna hallarda bəzi
işlər tendersiz də görülə bilər. Bu qərardan sonra, ümumiyyətlə, tender
keçirilməsi özü istisna oldu. Hər məmur “gecəqondu” şirkətlər yaradıb
büdcə pullarını öz cibinə axıtdı. Bu gün MTN-də, Rabitə Nazirliyindəki
həbslər, tutulanların dövlət əmlakını mənimsədiyi ilə bağlı
dediklərinizi illərdir jurnalistlər, iqtisadçılar, müxalifətçilər
deyirdilər, yazırdılar. Reaksiyanız həqiqəti deyənləri, yazanları
söymək, tutmaq, damlamaqdan on yana keçmirdi.
Bu gün Xədicə Ismayıl, Leyla Yunus, Seymur Həzi, Intiqam Əliyev, Anar
Məmmədli, Tofiq Yaqublu, Ilqar Məmmədov və başqaları sizcə nəyə görə
həbsdədir? Illər öncə indi elədiklərinizlə bağlı həqiqətləri sizə
çatdırmaq cəhdlərinə görə. Bu həbslərdə başqa səbəb olmadığını siz də
bilirsiz. Bu gün müxtəlif yüksək çinli məmurlar haqda 3-4 aylıq həbs
qərarı çıxaran hakimlər elə dünən həmin adamların sifarişlərini
şərəfsizcəsinə yerinə yetirirdilər…
Siz dəyişən deyilsiz, sistem dəyişməlidir, həm də nə qədər gec deyil, belədə ağrı da az olar…
19 Noyabr 2015
Yorumlar
Yorum Gönder