Müşahidəçi səbəti
Bir müşahidəçinin müşahidəsi çox xoşuma gəldi, o, seçki komissiyalarında peşəkar qadın müəllimlərin olduğunu ayrıca vurğuladı. Məqamı yaxşı tutmuşdu. Həmin o peşəkar qadınlardan bir neçəsi 12 saylı dairənin 27 saylı məntəqəsində mən gəlməzdən öncə mənim və qızımın yerinə səs vermişdi. Bizim gəlişimizi peşəkarcasına duyub bu addımı atmışdılar, şübhəm yox.
“Demokratik, şəffaf” seçkiylə bağlı verilən süjetlərdə yalnız keçmiş AMIP-çi Məhərrəm Zülfüqarlının çıxışı inamlı deyildi, yazılanı üzündən oxumaqda belə çətinlik çəkirdi, ya nəyinsə qarşılığında zora düşüb oxuyurdu, ya da keçmiş müxalifətçiliyi yadına düşdüyündən seçkidə baş verənlərlə barışmadığını göstərmək üçün özü qəsdən belə edirdi. Alim adamdır, onun yazılanı üzündən belə oxuya bilməməsi inandırıcı deyil…
…Indi rahat nəfəs alın, istədiyiniz seçkini keçirdiniz, istədiyiniz adamlara mandat verdiniz, istədiyiniz müşahidəçiləri gətirib istədiyiniz rəyi aldınız. Sonra istədiyiniz qanunları bu parlamentdə qəbul da etdirəcəksiniz. Bəs sonra? Sonra yenə yeni hacı məmmədovlar, eldar mahmudovlar meydan sulayacaq. Ölkə qara siyahılarda bir az da önə çıxacaq. Qanunların işləmədiyi, ayaqlar altına atıldığı, qanunları qanunsuz seçilmiş vəkillərin qəbul etdiyi ölkələrdə durum həmişə belə olur. Belə seçkilərdə qələbə aldadıcıdır, görürsünüz, sevinə də bilmirsiniz, MSK-da keçirilən mətbuat konfranslarında Məzahir Pənahovun insan olaraq hələ tam dəyərsizləşmədiyini gördüm. Sanki adam nələrə imza atdığının fərqində olduğunu hiss edən kimi görünürdü. Deyirlər, vicdan heç də həmişə yatmır, hərdən oyanır, gec də olsa…
***
2008-ci ilin prezident seçkisini xatırladım, o vaxt Belarusdan gələn tanış müşahidəçiləri görmək üçün hotelə getmişdim. Orda olduğum bir neçə saatda hotelə böyük səbətlərin daşındığını gördüm (Qarğıdan hazırlanmış belə səbətləri yəqin çoxları görüb). Maraqlananda bəlli oldu ki, bu səbətlərdəki ən müxtəlif içkilərdir, onları daşıyanlardan biri xahişimizi yerə salmadı, səbəti yerə qoyub içindəkiləri göstərdi. Bəlkə də təsəvvür etməyəcəyiniz çeşiddə içkilər vardı səbətdə. Yerli istehsalla yanaşı çoxlu bahalı içkilər qoyulmuşdu ora… Azərbaycandakı seçkiləri izləmək istəyən xarici müşahidəçilərin sayının son illər artmasının bir səbəbi də budur. Builki seçkiyə 500-dən artıq beynəlxalq müşahidəçi gəlmişdi. Adambaşına bir səbət… ölkədə qarğı qalmadı…
04 Noyabr 2015
Yorumlar
Yorum Gönder