Heykəl ömrü

Mübarəkin heykəlini uçurdular. Heykəl uçurmaq heç yaxşı iş deyil. Heç çoxlu heykəl qoymaq da yaxşı iş sayılmasın gərək. Sadəcə kimə heykəl qoymağın fərqinə varılsa, sonradan belə problemlər ortaya çıxmaz. Sovetlər dönəmində proletariatın dahi rəhbərinə “ştampovka” heykəllər qoyulurdu. Böyük SSRI-nin hər yerində. Indi barmaqla sayılacaq qədər heykəli qalıb Leninin. Belarusda Lukaşenko saxlayır hələ ki. Bəzi başqa yerlərdə bu heykəlləri sadəcə abidə kimi qoruyurlar.Amma Azərbaycanda həmişə “hurrey” siyasəti aparılıb. Elə bu səbəbdən bir çox heykəlləri də Leninə qoşub uçurdular. Indi görünür ki, ayrı məqsəd olmayıb, öz heykəlləri üçün yer boşaldıblar. Nə vaxtsa uçurulacaq heykəllər üçün… Amma onların bir çoxuna toxunmamaq da olardı. Marksın kimə bir pisliyi dəymişdi?
Onsuz da hamı yenə o ərazini Marksın adıyla tanıyır. Daşlaşmış şeylər olur. Həsən Əliyev küçəsinə hamı yenə Inqilab deyir, Əziz Əliyev Zevin olaraq qalır. Heç Heydər Əliyev prospekti deyən tanıyırsız, Hacıbaladan başqa. Adı nə qədər böyük yazsalar da xeyri yoxdur, o yenə Moskva prospektidir. Aradan neçə illər keçsə də Nizami yenə Torqovıy kimi daha çox məşhurdur. Heydər Əliyev “hakimiyyətə ikinci dəfə qayıdışından” sonra özünü demokrat kimi qələmə verməyə çox çalışdı. Amma bu gün də istər ölkədə, istər ölkə dışında hamı onu kommunist, antidemokrat, çekist kimi tanıyır. Adamı əməlləri tanıtdırır axı. Illər daşlaşmış bu möhürü dəyişə bilmədi. Bu gün müxtəlif sexlər onun heykəllərinin istehsalıyla məşğuldur. Bütün şəhər, rayon və qəsəbələrə bu heykəllər ən müxtəlif qiymətlərə satılıb. Alçaq, hündür postamentlər üzərindən boylanır o heykəllər. Hətta bəzi rayonlara onu ikinci dəfə satıblar. Bundan sonra da hələ bir neçə dəfə də sata bilərlər. Gəlin görək adamların ürəyində bir kafel hündürlüyündə o heykəli ucalda biliblərmi?
Biri ölməsə biri dirilməz, – nahaq deməyiblər. Təzadlar dünyasıdır. Azərbaycanda gec də olsa Misir diktatorunun heykəli götürüldü, layiq olduğu yerə göndərildi. Demokratik dəyərlərə önəm verildiyi Avropada – Serbiyada bu arada ən böyük antidemokratlardan birinə – Heydər Əliyevə heykəl qoyulub. Deyilənə görə, bu heykəlin qoyulması üçün 2 milyon avro ödənilib Serbiyaya. Daşa xərclənən bu 2 milyonu nələrə sərf etmək olardı… Bu pula hansı xeyirxah işləri görməklə savab qazanmaq olardı. Birini mən deyim. Bu günlərdə ürək xəstəliyindən 59 yaşında dünyasını dəyişmiş jurnalist Süleyman Osmanloğluna əməliyyat olunmaq üçün 10 min avro gərək idi… Vur-tut 10 min avro…
10 İyun 2011
Yorumlar
Yorum Gönder