Qəlp münsiflə ədəbiyyata qayğı…


Bu ölkənin tayı-bərabəri yoxdur. Burada hamı hər işlə məşğul ola bilər, problemsiz. Bu sahədə kompleksimiz yoxdur. Nəticə də vecimizə deyil. Elə xalq olaraq da uğursuzluqlarımızın kökündə bu dayanır. Bilmədiyimiz işin qulpundan yapışırıq, başımız girməyən yerə bədənimizi soxuruq. Illah da bu işə harınlamış məmur başını soxa. Şişman bədən balaca başın keçdiyi yerdən necə çıxsın? Qalırlar çabalaya-çabalaya.
Son illər dəb düşüb, əksər məmurlar, xüsusilə də YAP-çı, müxtəlif elmlər üzrə fəlsəfə doktoru adı “alıblar”. Öz əli, öz başı olan yerdə belə adları almaq su içmək kimi bir şeydir. Indi də Azad Mirzəcanzadə yoxdur ki, Siyavuş, Bahar, Rəbiyyət kimiləri elmin qapısına yaxın buraxmasınlar. Hələ ki, onların meydanıdır. Icra, qanunvericilik və başqa strukturlarda vəzifə mənimsədikləri kimi, universitetlərə də adlarını yazdırıb, orada da kimlərinsə yerini tutublar…
Bunu niyə xatırladım, niyə onlara bu qədər vaxt və yer ayırdım. Ilan, yarpız məsəlini yəqin bilirsiz. Bəxtimizə belə düşüb. Onlarsız “keçinə” bilmirik. Bu günlərdə Milli Kitab Müsabiqəsinə yekun vuruldu. Bir çox münsiflərin istəmədiyi kitab – Pərvizin “Yad dildə”si qalib oldu. Başqa əsərləri oxumamışam, bəlkə həqiqətən onlardan biri bu mükafata daha layiq imiş, deyə bilmərəm. Bu iş mənə yox, münsiflərə həvalə olunmuşdu. O münsiflərdən biri deputat Rəbiyyət Aslanovadır. Pərviz qalib olandan sonra onun da münsiflikdən istefa verdiyi xəbəri yayıldı.ÿ”O, Milli Məclisin Insan Hüquqları Komitəsinin və BDU-da “Fəlsəfə tarixi” kafedrasının müdiri olduğu üçün müsabiqəyə kifayət qədər vaxt ayıra bilmir: “Mən həyatda öz işlərimə məsuliyyətlə yanaşan insanam. Bu əsərlərin oxunması, dəyərləndirilməsi kifayət qədər zaman tələb edir. Bu əsərlərə kifayət qədər vaxt ayıra bilmirəm. Razı olmaram ki, mənim vaxt azlığım hansısa yazarın zəhmətinin mənfi qiymətləndirilməsi ilə nəticələnsin…”. Bu sözlərdə bir qətrə səmimiyyət gördünüzmü? Böyük məktəb keçib…
R.Aslanova bu müsabiqədə münsif olmağa razılıq verəndə də eyni vəzifələri daşıyırdı. Şübhə yoxdur ki, onda da vaxt problemi vardı. Amma biz hər yerdə olmağı xoşlayırıq, hətta layiq olmadığımız yerlərdə belə. Biz özümüzü hər bir işdən başı çıxan kimi göstərmək istəyirik, başımız çıxmasa belə. Rəbiyyət Aslanova da başqa bu tip YAP-çılardan fərqlənmir. Bir müddət qabaq o, mollaların, din xadimlərinin müdafiəsinə qalxmışdı. “Molla Nəsrəddin”çiləri tənqid etmişdi ki, niyə onlar Azərbaycan üçün böyük işlər görmüş ziyalılardan yazmayıblar. Azərbaycan üçün böyük işlər görən ziyalıların əksəriyyəti elə “Molla Nəsrəddin”çilər deyildimi? Onlar özləri özlərindənmi yazmalıydı? Bəlkə YAP-ın “ulu öndər”ini vəsf etməliydilər. Görünür, indiki fəaliyyəti ilə daha çox Fatma-Tükəzbanlara bənzəyən fəlsəfə doktorunda komplekslər yaranıb…
“Fəlsəfə tarixi” kafedrasına adını müdir kimi yazdıran R.Aslanovanın əvəzinə dərsi başqası deyir. Orada tələbələrin çoxu bu “müdir”i tanımır. Milli Məclisdəki fəaliyyət isə göz önündədir. Insan Hüquqları Komitəsinə rəhbərlik edən bu adam nəinki insan, hətta bütün hüquqlara nifrət edir. Antiinsan açıqlamalarıyla bunu çoxdan təsdiqləyib, nümunələr gətirməyə gərək yox. Iradlar, əslində, MKM-in təsisçisi Nigar Köçərliyə ünvanlanmalıdır. Təsisçi olaraq, o, müsabiqənin yekunlarıyla bağlı baş verənləri, haqqı deyənin qalib gəlməsiylə barışmayanları müdafiə edir, vəziyyətdən malalamaqla çıxmaq istəyir…Bu hakimiyyətin süfrəsindən dolananlar heç kimin kitabını oxumur. Onlar daha çox yazırlar – Ramiz Mehdiyevdən, Heydər və Ilham Əliyevdən… Qəlp münsiflə ədəbiyyata qayğı olmur, Nigar xanım, olmur. Malalamağın yeri yoxdur…


08 İyun 2011

Yorumlar

Popüler Yayınlar