1969-un 14 iyulundan sonra…
Dünən yenə növbəyə düzülmüşdülər; alimi, deputatı, müğənnisi… ağzı
köpüklənə-köpüklənə danışırdı. Illərdir dediklərini təkrarlayırdılar,
qınamalı da deyil, başqa nə danışasıydılar, ancaq bezdirici olduğunu
gərək bir qədər nəzərə alaydılar. Səhər-səhər adamların ovqatını
korlamaq heç də yaxşı hərəkət deyil. 14 iyuldan danışırdılar – heydər
Əliyevin 1969-cu ilin bu günündə siyasi hakimiyyətə gəlməyindən.
Guya onun gəlişiylə elmə, təhsilə maraq artıb, rüşvətxorluğa və
korrupsiyaya qarşı mübarizə başlayıb. Düzdür, başlayıb, ancaq necə?
Həmin il ali məktəblərə qəbulda rüşvət bir az yığışdırılıb, kasıb
balaları da universitetin hüquq, tarix, şərqşünaslıq fakültələrinə qəbul
olub… Növbəti ildən isə rüşvət ötən illəri üstələyib, məmurlar daha
böyük pul qarşılığında yenə də övladlarını istədikləri ali məktəbə,
fakültəyə qəbul etdiriblər. Elə indiki çağda olduğu kimi; rüşvətxorluğa
və korrupsiyaya qarşı mübarizə kampaniyası məbləği artırmağa xidmət
edib. Ləyaqətli alimlər, müəllimlər elm və təhsil ocaqlarından
uzaqlaşdırılıb…“Sosializm yarışı” deyilən yarışlar keçirilirdi. Yadınıza salın, “Görüş” filmində bu yarışlardan danışılır. Onları biz yaşayırdıq. Azərbaycan Özbəkistanla yarışırdı. Pambıqçılıq ənənəsi olan Özbəkistanla gerçəkdə yarışa girib mübarizə aparmaq çətin olduğundan Heydər Əliyev bu mübarizəni kağız üzərində aparırdı. “Pripiska”ya geniş meydan verilmişdi…
Illərdir bunların öyündüyü başqa bir məsələ guya Heydər Əliyevin ittifaqda söz sahibi olması, Azərbaycanda zavod-fabrik tikdirməsiydi, illah da Kondisioner zavodunu. Tamamilə həqiqətdən uzaqdır. Ittifaqın öz planları vardı və plana uyğun bütün respublikalarda zavod-fabriklər tikilirdi. Yaxşı, bəs niyə Heydər Əliyevin gəlişindən sonra həmin zavod-fabriklər bir sinif kimi ləğv edildi? Ittifaq miqyasında məşhur, Qarabağ savaşı vaxtı silah-sursat buraxan Səttarxan (Leytenant Şmit) zavodu yerlə-yeksan edilib yerində Heydər Əliyev mərkəzi tikildi? “Azon” zavodunun binası bütün günü yalan püskürən ITV-yə verildi. Niyə öz tikdiklərini özləri dağıtdılar?!.
Hər il “uğurlara” görə keçici Qırmızı Bayraq alan Azərbaycan nədən aclıq və səfalət içində yaşayırdı? Heç bir bayraq uğrunda mübarizə aparmayan, vətəndaşlarının təhsilinə xüsusi diqqət ayıran, kənd təsərrüfatında uğurları olmayan Ermənistan və Gürcüstan yağ-bal içində üzürdü. Kənd təssərüfatındakı “uğura” görə bayraq alan azərbaycanlılar xörək bişirməyə yağ tapa bilmir, ondan ötrü Ermənistana və Gürcüstana üz tuturdu; 14 iyul 1969-cu ildən sonra…
15 İyul 2016
Yorumlar
Yorum Gönder