Binəli Yıldırım üçün Azərbaycan örnəyi
Örnək. Son çağlar dəbdə olan sözlərdəndir. Azərbaycan örnəyi deyib
xaricdən gələnlərin (elə özümüzünkülərin də) gözünə soxduqları var; Asan
Xidmət. Guya əhalinin işini asanlaşdırıblar. Bu yaxınlarda yolum
düşmüşdü, vəkilə etibarnamə verirdim, 2 saata yaxın gözlədik, bizdən
başqaları da vardı, həm növbədən, həm də qiymətlərdən narazı olanlar
Asan Xidməti yaradanları və yaxınlarını burda yazmaq mümkün olmayan “xoş
sözlərlə” yad etdilər. Nəyi asandır? Əhalinin verdiyi vergidən
maliyyələşən müxtəlif quqrumların görməli olduğu işi yığıb Asan Xidmətə
veriblər, üstəlik, onlar da büdcədən maliyyələşir, yəni camaatın ödədiyi
vergidən onlar da pay alır. Əslində, bunu uğur kimi qələmə vermək,
bununla öyünmək 23 illik bir hakimiyyət üçün ayıbdan ayıb işdir, ancaq
kimdir ayıbına kor olan?!.
******
Hakimiyyətin tələsik başladıb sona çatdırdığı referendum kampaniyası bilirsiniz yadıma nəyi saldı? Mirzə Cəlilin “Ölülər”ini. Şeyx Nəsrullahın ölü diriltmək səhnəsini xatırlayın. O məqam gələndə hamı gedir fikirləşməyə… Referendum qərarı veriləndə, konstitusiyaya ediləcək dəyişikliklər bəlli olanda hərə bir namizədi atdı ortaya; vitse-prezident kimi. Ancaq elə ki xalq “səs verdi”, konstitusiya dəyişdi… yəni ölüləri diriltmək məqamı gəldi… hamı getdi fikirləşməyə. Hər şey bitdi, bizimki bura qədər idi, çox güman, referendumda “hə” deyən “xalq” heç vitse-prezident görməyəcək… Yəni örnək olmaq şansımızı bu dəfə, deyəsən, kayb etdik…
***
Ancaq heç çatdırıb kədərlənə bilmədik, daha bir örnək olmaq çağırışı qardaş Türkiyədən gəlib. Özü belə tutduğu posta necə gəldiyini hələ də tam dərk edə bilməyən Binəli Yıldırım FETÖ məsələsində Azərbaycanı başqa “dost və qardaş” ölkələrə örnək kimi göstərib: “Biz Gülənin strukturlarını tam məhv etməsi üzrə Azərbaycanın addımlarını yüksək qiymətləndiririk. Ümid edirik ki, başqa dost və qardaş ölkələr bu yolu izləyəcəklər”.
Azərbaycanın FETÖ məsələsində atdığı ən “önəmli” addım bu şəbəkənin “imamı” kimi “Azadlıq” qəzetinin əməkdaşı Faiq Əmirlinin həbsidir. Türkiyə kimi qos-qoca bir dövlətin baş naziri bunu nəzərdə tutursa, daha nə sözümüz olar. Ancaq Binəli bəyin bir sözündə məntiq var; məhvetmə. Azərbaycanın indiki hakimiyyəti ancaq məhvetmə işinə yarayır, əllərindən başqa nə gəlir ki?! Xalqı, işıqlı gəncləri, müxalif düşüncəli adamları, apardığı antimilli siyasətdən narazı olanları məhv etmək siyasəti, görünür, indi Türkiyə, daha doğrusu rəsmi Ankara üçün örnək sayılır…
Bəlkə, düşmən tapdağında olan torpaqları işğaldan qurtaran hakimiyyət kimi örnək olaq, siyasi məhbusları olmayan, müxalif fikrə dözümlə yanaşan, tam nəzarətdə saxladığı telekanallarda alternativ düşüncəyə bərabər efir imkanı yaradan ölkə kimi örnək olaq… Lap hissə qapıldım…
Görəsən Binəli Yıldırım “…başqa dost və qardaş ölkələr” deyəndə hansıları nəzərdə tutub?!
01 Noyabr 2016
Yorumlar
Yorum Gönder