Kreditlə Həcc ziyarəti?!
Bu yaxınlarda oxudum, Həcc ziyarətinə getmək istəyənlərə yaxşı
şanslar tanınır; onlar bu titulu qazanmaq üçün kredit götürə bilərlər.
Neçə gündür bunun üstündə baş sındırıram, axı bu necə ola bilər? Ta
uşaqlıqdan eşitmişik, Həcc ziyarəti ən müqəddəs ziyarətlərdəndir, hər
adam ora gedə bilməz, daha doğrusu hər gedənin ziyarəti qəbul olmaz.
Bunun bir yığın qaydaları var. Qurani-Kərimdə Həcc ziyarətinin vacib
olduğu insanlar barəsində buyurulur: “Allah-təala bu evin ziyarətini
Həccə getməyə qüdrəti olan şəxslərə vacib etmişdir”. Getməyə qüdrəti
olanlara… Başqa şərtlər də var. Onlardan biri belədir ki, Həccə gedən
adam Aqil və Azad olmalıdır. Haram yeməməlidir, ədalətsiz iş
tutmamalıdır, haqqı nahaqqa qurban verməməli, məzlumun haqqın yeməməli,
qonşuda ac varsa, ziyarət üçün yığdığı pulu ona verməlidir və s.
Başqa qadağaları sadalamağa gərək yox. Indi bu ölkədə nə qədər Aqil
və Azad adam olduğunu demək çətindir, hər kəs özünün bu kateqoriya
adamlardan olduğunu iddia edə bilər. Ancaq Aqil və Azad insanların çox
olduğu ölkədə bu qədər ədalətsizlikmi olar? Ədalətsizliyin meydan
suladığı ölkədə nə qədər adam ona etiraz edir, nə qədər adam
ədalətsizliyə qarşı haqq səsini qaldırır?Nə qədər gənc imkansızlıq ucbatından, evsizlik səbəbindən evlənə, ailə qura bilmir. Ancaq hər il Səudiyyə Ərəbistanına milyonlar axıdılır. Düzdür, bu il Azərbaycana ayrılan kvota (1500 nəfər)da, ziyarətə getmək istəyənlər (1040 nəfər getməlidir)də azdır, ancaq qabaqkı illərdə, məsələn, 2014-cü ildə Azərbaycana ayrılmış kvota 3600 nəfər olub (şəraitindın asılı olaraq hər bir zəvvar üçün qiymətlər 3250-4100 manat). 2015-ci ildə kvota 2400-ə enib, qiymətlərsə 4700-5750 manat olub. Bu il qiymətlər qalxıb, zəvvarlar,yerindən asılı olaraq, ziyarət üçün 5500-7000 manat ödəməlidir.
Kvotanın azalmasına çox səbəb göstərilə bilər, ancaq, məncə, başlıca səbəb andıra qalmış nöyütdür. Onun aşıb-daşdığı, dolların elə nöyüt kimi ölkəyə axdığı illərdə bir çox məmurlar yaxınlarını, qohumlarını köçürmə (pereçisleniye) yoluyla, təbii ki, büdcə vəsaiti hesabına ziyarətə, həm də ticarətə göndərirdi. Indi özlərinin xaricə getmələrində problem var, üstəlik, ölkə başçısı da məmurlara Azərbaycanı ziyarət etməyi məsləhət görür…
“Təxminlərə görə, il ərzində Səudiyyə Ərəbistanına ziyarətə 7 milyon zəvvar gəlir və onların hər biri orta hesabla 10 min dollar xərcləyir. 2012-ci ildə Səudiyyə Ərəbistanı Həcc və Ümrə ziyarətlərindən 16.5 milyard gəlir əldə edib. Bu isə 2011-ci ildə gəlirdən 10 faiz artıqdır. 2014-cü ildə Həcc ziyarətlərindən gələn gəlir 8.5 milyard dollar olub”(lent.az).
Belə. Ancaq bir məsələ maraqlıdır, kreditlə ziyarətə gedənlərin Həcci dərhal qəbul olacaq, yoxsa kredit ödənilib qurtarandan sonra? Işdir, ödənməsə necə olacaq, yəni qəbul olmayacaq?!.
Saf niyyətlə və halal pulla gedənlərin ziyarəti qəbul olsun!
10 İyun 2016
Yorumlar
Yorum Gönder