Məcburi köçkün qadının gənclik arzusu
Həmin gün – sentyabrın 17-də rayondan qayıdırdım, magistral yola çatanda yolun bağlandığını gördüm. Adamlarla danışdım, eləsi vardı, 3 saatdan artıqdır yolda qaldığını dedi. Biz də 1 saatdan artıq gözlədik. Ölkədə sərbəst toplaşmaq azadlığının olduğunu daim vurğulayan prezident Bakıdan 160 km məsafədə olan rayona gedir və bu gediş minlərlə adamın əsəblərinə toxunur, sərbəst hərəkətinə mane olur. Saatlarla yolu kəsmək nə deməkdir? Ölkədə elə durum yaratmısız ki, xəstəliklər baş alıb gedir, hər gün rayonlardan Bakıya yüzlərlə adam xəstə gətirir. Bunun toyu, yası var…
Bakıya qədər bütün yollarda əli avtomatlı əsgərlər dayanmışdı. Bəs ölkədə sabitlikdir deyib həmişə fəxr edirsiz, onda kimdən və nədən qorxursuz? O əsgərləri vətənin keşiyini çəkmək üçün orduya aparmamısınızmı? Bütün günü yollarda dayanmaq, bir nəfərin keşiyini çəkməkmidir vətənə xidmət?!.
Sabirabaddakı pambıq müşavirəsində çıxış edən qaçqın qadın Facebook-da başlıca müzakirə mövzusudur. O videoya bir də baxın. İlham Əliyevin, onun ətrafındakıların, bütün zalda olanların o çıxışı necə maraqla izlədiyinə bir də baxın. O qadını, ola bilsin, bir kisə un, bir kiloqram qənd, yağ, ya bəlkə də 5-10 manat verməklə ora çıxarıb həmin sözləri dedizdiriblər. O adamın Tanrı qarşısında suçu çox böyük. Bəs onu dinləyənlər, o çıxışa heyranlıqla qulaq asan və əl çalan ölkə başçısı niyə ağbirçək, qəlbi param-parça, 23 ildir torpaqsız məcburi köçkün, kiminsə anası, nənəsi olan qadını rəzil edənləri cəzalandırmadı? Əksinə, hamı ilə birlikdə ayağa qalxdı, özünün dilə gətirə bilmədiklərini qaçqının dilindən eşitməyin sevincini yaşadı – həm də gurultulu, sürəkli, ardı-arası kəsilməyən alqışlar altında. Əslində, başadüşüləndir; köhnə, atadanqalma siyasətin – pambıqçılığın – qul əməyinin yenidən təməli qoyulurdu, alqışlar da elə sovetlərin çağındakı – saxta rəqəmlər, “pripiska” əməliyyatları sayəsində keçici qırmızı bayraqlar aldığımız çağdakı kimi olmalıydı…
Hə günlər gördün, yazıq Vətən!
21 Sentyabr 2016
Yorumlar
Yorum Gönder